Türkiyənin qabaqcıl ali təhsil müəssisələrindən biri olan Qazi Universitetinin elektrik-elektronika mühəndisliyi və informasiya təhlükəsizliyi sahələri üzrə tanınmış alimi Ercan Nurcan Yılmaz 2021-ci ilin sentyabr ayından etibarən Mingəçevir Dövlət Universitetinin (MDU) mühəndislik fakültəsində professor vəzifəsində elmi-pedaqoji fəaliyyətə başlayıb.
Bununla əlaqədar olaraq, MDU-nun rektoru Şahin Bayramov professor E.N.Yılmazla görüşüb.
Zəngin ənənələrə, müasir infrastruktura, güclü akademik potensiala malik Türkiyənin nüfuzlu Qazi Universitetinin təcrübəli professorunun MDU-da fəaliyyətə başlamasını ali təhsil müəssisəsinin tarixində ilk və önəmli hadisə olduğunu vurğulayan Ş.Bayramov universitetin inkişafına ciddi impuls qazandıracaq bu gəlişi Türkiyə-Azərbaycan qardaşlığının bariz nümunələrindən biri kimi dəyərləndirib.
MDU-nun missiyası, dəyərləri və strateji hədəflərindən bəhs edən Ş.Bayramov son dövrdə universitetin modernləşməsi istiqamətində görülən işlər və yeni tədris ilində qarşıda dayanan vəzifələr haqqında ətraflı məlumat verib.
Dördüncü sənaye inqilabı dövründə əmək bazarının tələblərinin dinamik dəyişdiyini, informasiya texnologiyaları sahəsi üzrə təhsilin önəminin artdığını qeyd edən rektor hazırda bu istiqamətdə kadr hazırlığının daha keyfiyyətli və səmərəli həyata keçirilməsi üçün kifayət qədər yüksək ixtisaslı, təcrübəli professor-müəllim heyətinə, eləcə də xarici ölkələrin qabaqcıl təcrübəsinin tətbiqinə cidd ehtiyac duyulduğunu bildirib.
Alimin zəngin və uğurlu elmi-pedaqoji fəaliyyətini, eləcə də sahəsi üzrə peşəkar mütəxəssis olduğunu qeyd edən Ş.Bayramov E.N.Yılmazın MDU-nun mühəndislik fakültəsinin müasir tələblər səviyyəsində yenidən qurulması və kadr hazırlığının keyfiyyətinin daha da yüksəldilməsi işinə əhəmiyyətli töhfə verəcəyinə əminliyini bildirib.
Professor E.N.Yılmaz MDU-da son illər baş verən müsbət keyfiyyət dəyişikliklərini sosial şəbəkələr və xəbər saytları vasitəsilə yaxından izlədiyini diqqətə çatdırıb, yeni dövrün ali təhsil müəssisəsinə çevrilməyi hədəfləyən MDU-nun uğurları üçün çalışmaqdan sevinc hissi keçirdiyini deyib.
E.N.Yılmaz əməkdaşlığın qarşılıqlı fayda və zəngin təcrübə qazandıracağına inandığını da söyləyib.
Qeyd edək ki, E.N.Yılmaz Türkiyənin Qazi Universitetində Elektrik müəllimliyi ixtisası üzrə bakalavr, Qazi Universitetinin Texniki Elmlər İnstitutunun Elektrik mühəndisliyi ixrisası üzrə magistratura və doktorantura təhsili alıb. Elektrik-elektronika mühəndisliyi üzrə fəlsəfə doktoru və professordur. 2012-ci ildən Qazi Universitetinin Texnoloji fakültəsinin Elektrik-elektronika mühəndisliyi kafedrasında dosent, 2019-cu ildən professor vəzifəsində çalışır. Onun beynəlxalq indeksli elmi jurnallarda alqoritmlər, proqram təminatı, enerji, informasiya təhlükəsizliyi, elektrik-elektronika mühəndisliyi sahəsi üzrə müxtəlif mövzularda çoxsaylı məqalələri dərc olunub. Eyni zamanda, bir çox beynəlxalq elmi konqres və simpoziumlarda məruzələrlə çıxış edib.
Qeyd edək ki, MDU ilə Türkiyənin Qazi Universiteti arasında əməkdaşlığın əsası 2021-ci ilin martında hər iki universitetin rektorlarının Ankarada görüşü zamanı qoyulub.