Logo

27 Sentyabr – Anım Günü

26.09.2021 15:15 937 baxış
IMG

Son 200 ildə düşmənlərimiz tərəfindən xalqımızın başına böyük müsibətlər gətirilmişdir. Zaman-zaman dövlətçiliyimiz məhv olmaq təhlükəsi ilə üz-üzə qalmış, xalqımız əsarət atına salınmışdır. Azərbaycan XIX əsrdə Çar Rusiyası, XX əsrdə isə SSRİ tərəfindən böyük haqsızlıqlara məruz qalıb. Bunlardan biri də tarixi ərazilərimizin ermənilərə “hədiyyə” edilməsi idi. Məhz “Dağlıq Qarabağ” problemi düşmənlər tərəfindən torpaqlarımıza qəsd edildikdən sonra yarandı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə İrəvan, bir müddət sonra Zəngəzur ərazisi ermənilərə verildi. Havadarlarına arxalanan ermənilər bu ərazilər ilə kifayətlənməyərək Azərbaycanın Qarabağ ərazisinə də iddialar irəli sürməyə başladılar. SSRİ dövründə Azərbaycan SSR-in Qarabağ ərazisində etnik və dini mənzərəni dəyişmək üçün  buraya xeyli sayda erməni köçürülmüşdür. Azərbaycan xalqına qarşı ruslaşdırma, erməniləşdirmə, xristianlaşdırma siyasəti yürüdülmüş və milli şüurun məhv edilməsi istiqamətində müxtəlif addımlar atılmışdır. Ancaq 1969-cu ildə Ulu Öndər Heydər Əliyev birinci dəfə hakimiyyətə gələndə Azərbaycanda gedən bütün proseslərə müdaxilə etdi. O zaman məhz Heydər Əliyevin gəlişi ilə cəmiyyətin həyatının bütün sahələrində sürətli yüksəliş, milli ruhun inkişafı və mənəviyyatın tərəqqisi dövrü yaşanmışdı. Azərbaycan hər tərəfli inkişaf etməyə başlamışdı. 1980-ci illərin sonlarında ermənilər Qarabağa yenidən iddia qaldırmağa başladılar. Ermənistan SSR-in (tarixi Azərbaycan torpaqlarında) ərazisində yaşayan həmvətənlərimiz kütləvi surətdə oradan çıxarıldılar. 

Heydər Əliyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar, yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib. 1991-ci ilin 18 oktyabr Azərbaycan xalqı  dövlət müstəqilliyini bərpa etsə də siyasi hakimiyyətin zəifliyi düşmənlərin daha da aktivləşməsinə səbəb oldu. 31 mart soyqırımının davamı olaraq Xocalı soyqırımı həyata keçirildi. Ermənilər Azərbaycan ərazilərinə soxulmağa başladılar. Belə çətin vəziyyətə siyasi hakimiyyətin zəifliyi vəziyyəti daha da çətinləşdirirdi. 1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığına görə, Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürüb və ölkənin o dövrkü rəhbərliyi onu Bakıya dəvət etməyə məcbur olub. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, iyunun 24-dən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb.

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib.
Ulu Öndər ikinci dəfə hakimiyyətə gəldikdən sonra ölkədə sabitliyin yaradılmasını təmin edib. Ermənistanla atəşkəs əldə edilib. Sosial-iqtisadi vəziyyətin çətinliyi, siyasi hakimiyyətin zəifliyi, ordunun maddi-texniki imkanlarının zəif olması 1990-cı illərdə 20 faiz ərazilərimizin ermənilər tərəfindən işğal edilməsinə şərait yaratdı. Ancaq həmin ərazilərin geri qaytarılması üçün Ulu Öndərin ölkəyə prezidentlik etdiyi dövrdə mühüm addımlar atıldı. Ordu quruculuğu sahəsində islahatlar aparıldı. Erməni işğalının beynəlxalq səviyyədə təbliği istiqamətində mühüm işlər görüldü. 

Ulu Öndər 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar namizədliyini İlham Əliyevin xeyrinə geri götürdü. 2003-cü il dekabrın 12-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat edib və dekabrın 15-də Bakıda, Fəxri xiyabanda dəfn olunub.

Ulu Öndər Heydər Əliyevin vəfatından sonra prezident seçilən cənab İlham Əliyev Ümummilli Liderimizin müqəddəs siyasətini layiqincə davam etdirməyə başladı. Vətəndaş cəmiyyətinin inkişafı üçün əlverişli şərait yaradıldı. Azərbaycan ordusunun maddi-texniki bazası genişləndirildi. Azərbaycan beynəlxalq arenada böyük nüfuz qazandı. İşğal altında olan ərazilərimizin azad edilməsi uğrunda bütün vasitələrdən istifadə edildi. 
Bu illər ərzində görülən işlər 44 günlük Vətən müharibəsində özünü doğrultdu. Ali baş komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuz Zəfər Yürüşündə qələbə çaldı. Ermənistan ordusu tamamilə darmadağın edildi. Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur edildi. Azərbaycan XXI əsrin müharibəsini apardı. Müharibədə yeni texnalogiyalardan, PUA-lardan istifadə edildi. Dünya dövlətlərinin əksəriyyəti Azərbaycan ordusunun qələbəsini maraqla qarşıladı. Bəzi aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin (National War College) və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilərkən belə qənaətə gəlinib ki, bizim qarşımızda hətta dünyanın aparıcı ölkəsi olsaydı belə onun da heç bir şansı olmayacaqdı. Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir. II Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər. 

Müharibə dövründə Azərbaycan xalqı həmrəylik nümayiş etdirdi. Həmişə olduğu kimi xalq cənab prezidentin ətrafında yumuruq kimi birləşdi. Vətən müharibəsi zamanı siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlər imzalaması milli məsələlərdə ölkədə hər hansı fikir ayrılığının istisna olunduğunu göstərmişdir. Siyasi partiyalar tərəfindən ümumilikdə 8 birgə bəyanat və 2 müraciət imzalanmışdır. Burada “Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi təxribatları ilə əlaqədar”, “Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair”, “Fransa Senatında Dağlıq Qarabağdakı qondarma qurumun tanınması məsələsinə baxılması ilə bağlı”, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə əlaqədar” bəyanatlar, həmçinin “Dağlıq Qarabağ məsələsində Fransanın mövqeyinə dair” və müharibə dövründə 16 beynəlxalq təşkilata Azərbaycan ziyalılarının və vətəndaş cəmiyyəti üzvlərinin (o cümlədən 50 siyasi partiyanın) müraciətləri xüsusi olaraq qeyd olunmalıdır.

Bütün bu illər ərzində Ermənistan işğalçı siyasətini davam etdirmiş, ərazilərimizdə təxribatlar törətmiş, təmas xətti boyunca yaşayan dinc əhalimizə mütəmadi atəş açmış, onların rahat yaşamasına imkan verməmişdir.
2016-cı il aprel ayında Lələtəpə və 2020-ci il iyul ayında Tovuz döyüşləri zamanı Azərbaycan bu işğalla barışmayacağını nümayiş etdirmişdir. Lakin Ermənistan bu döyüşlərdən də nəticə çıxarmamış, Azərbaycana qarşı diversiyaları davam etdirmiş, erməni siyasətçiləri aşağılayacı və təxribatçı bəyanatlar vermişlər. 2020-ci il 27 sentyabr tarixində Ermənistan tərəfindən növbəti hərbi təxribat törədilmiş, Azərbaycanın yaşayış məntəqələri və döyüş mövqeləri şiddətli artilleriya atəşinə tutulmuşdur. Nəticədə, hərbi qulluqçular ilə yanaşı Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olmuşdur. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri vermişdir. Beləliklə də, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmişdir
 Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi azərbaycanlıları doğma yurd-yuvalarından didərgin salmaqla yanaşı, ölkəmizin iqtisadiyyatına və mədəni irsinə də ağır zərbə vurmuşdur. Bir milyondan çox azərbaycanlı 30 il ərzində qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur olmuşdur. Ermənistan bu müddət ərzində işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı vəziyyətə salmış, şəhər və kəndlərdə infrastrukturu tamamilə məhv etmiş, Azərbaycana milyardlarla dollar dəyərində maddi ziyan vurmuşdur.

İşğal zamanı mülki və təsərrüfat obyektləri ilə yanaşı, Azərbaycanın misilsiz mədəniyyət abidələri də məhv edilmişdir. Ermənistan tərəfindən işğal edilmiş qədim Azərbaycan torpaqlarında 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidələri olmuşdur. Bununla yanaşı, 40 mindən artıq eksponatın toplandığı 22 muzey, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert salonu, 31 məscid, 9 tarixi saray, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbi, 103200 ədəd mebel avadanlığı, 5640 musiqi aləti, 481 kinoqurğu, 20 ədəd kinokamera, 423 videomaqnitafon, 5920 dəst milli kişi və qadın geyimləri, 40 dəst səsgücləndirici, 25 iri və 40 kiçik həcmli attraksion işğal olunmuş ərazilərdə qalmışdır.

Azərbaycan Ordusunun zəfər yürüşü qarşısında tab gətirə bilməyən düşmən təxribatlara əl ataraq dinc mülki şəxsləri hədəfə almaqla müharibə cinayətləri törətmişdir. Azərbaycanın şəhərləri ballistik raketlərlə, fosforlu və kasetli bombalarla atəşə tutulmuşdur. Müharibə dövründə namərd atəşlər nəticəsində 100-ə yaxın mülki şəxs, onların arasında uşaqlar, qadınlar həlak olmuşlar. 400-dən çox mülki şəxs yaralanmış, 5 mindən çox ev dağıdılmış, ziyan çəkmişdir. Ağdam, Bərdə, Füzuli, Gəncə, Goranboy, Naftalan, Mingəçevir və Tərtər rayonlarında şəhər və kəndlərin raket atəşinə tutulması müharibə cinayətidir. Münaqişə zonasında olmayan şəhər və rayonların atəşə məruz qalması, dinc sakinlərin həlak olması və yaralanması beynəlxalq ictimaiyyət tərəfindən kəskin qınanılmalıdır.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin fevralın 25-də Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimindəki çıxışında yumruğunu düyünləyərək bildirmişdir: “Əgər kimsə revanşist fikirlərlə yaşayırsa, bax, bu yumruğu görəcək, bu, yerindədir və bizim səbrimizi sınamasınlar. Ermənistan ordusu bitdi, yoxdur və olmamalıdır”. Rəsmi İrəvanın revanşist cəhdləri sadəcə intihar – Ermənistan dövlətçiliyinin sonu ola bilər. Ermənistan bundan sonra öz gələcəyi haqqında düşünərkən gərək qonşu ölkələrin torpaqları haqqında xəyallara qapılmasın.
Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrin hərbi qulluqçuları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunmuşlar – “Vətən Müharibəsi Qəhrəmanı” adı, “Zəfər”, “Qarabağ”, “Vətənə xidmətə görə” 1, 2 və 3-cü dərəcəli, “Rəşadət”, “Azərbaycan Bayrağı” ordenləri, habelə “Vətən uğrunda”, “İgidliyə görə”, “Döyüşdə fərqlənməyə görə”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” kimi medallar Vətən müharibəsi iştirakçılarına və ya ölümündən sonra onların yaxınlarına təqdim olunmuşdur.
“Mən hər zaman qazilərin yanında olacağam” deyən Prezident İlham Əliyev əslində cəmiyyətimizdə bütün müharibə iştirakçılarına olan münasibətini bildirmiş olmuşdur. Yaralanmış müharibə iştirakçılarının reabilitasiyası və onların sosial məsələlərinin həlli istiqamətində görülmüş işlər sübut edir ki, dövlət hər zaman öz əsgərinin yanındadır. Azərbaycan xalqı mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımıza sancmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə həsr olunmuş silsilə tədbirlər həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası tərəfindən Müdafiə Nazirliyinin rəsmi siyahısında olan şəhidlərin banklar qarşısında kredit öhdəlikləri silinmişdir. Şəhid və qazi ailələrinə dəstək göstərilməsində Azərbaycanda milli həmrəylik yaşanır və bu məqsədlə bütün aidiyyəti dövlət qurumlarının potensialı səfərbər olmuşdur.

Müharibə dövründə əlini, qolunu itirmiş qazilərimiz üçün ən müasir protezlər sifariş edilmişdir. Ehtiyacı olan bütün qazilərə, şəhid ailələrinə dövlət tərəfindən lazımi köməklik göstərilməkdədir. İndiyədək 9200-ə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilmişdir. Həm Birinci, həm də İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinə Bakıda, Sumqayıtda, Abşeron rayonunda bu ilin sonuna qədər mənzillər veriləcəkdir. Əlavə olaraq, müharibə əlillərinə 7200-ə yaxın minik avtomaşını verilmişdir. Azərbaycan Respublikası Prezidenti tərəfindən əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsi olan “YAŞAT” Fondu yaradılmışdır. İndiyədək Fondda 62 milyon manatdan çox vəsait toplanmışdır. Azərbaycan xalqı şəhidlərimizin intiqamını düşməndən döyüş meydanında aldı və onların qanı yerdə qalmadı. Azərbaycan şəhid ailələrinə göstərilən diqqətə görə dünya miqyasında nümunə sayıla bilər.

Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev 27 sentyabr – Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzalamışdır. Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir.

Anar Qarayev (Salehoğlu)

Azərbaycan Dövlət Pedaqoji Universitetin tələbəsi

Xəbər lenti