Logo

Rezidenturaya qəbul imtahanı başa çatıb

26.09.2021 16:33 248 baxış
IMG

DİM sentyabrın 26-da baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının 2-ci mərhələsini (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi) keçirib.

Tehsil.biz xəbər verir ki, imtahanların idarə olunması üçün 5 ümumi imtahan rəhbəri, 9 imtahan rəhbəri, 75 zal nəzarətçisi, 10 buraxılış rejimi (mühafizə) əməkdaşı ayrılıb.

İmtahan saat 11:00-da başlanıb və 2 saat 30 dəqiqə davam edib.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə – lazımi sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub.

İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İmtahan iştirakçılarının bədən hərarətləri normaya uyğun olub.

Sentyabrın 27-dən etibarən imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. Nəticələrin yaxın 3 gün ərzində elan edilməsi nəzərdə tutulur.

İmtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün onlayn qaydada Apellyasiya komissiyası fəaliyyət göstərəcək. Apellyasiya komissiyasına müraciət etmək üçün elektron ərizə forması DİM-in saytında yerləşdiriləcək. Namizədlər Apelyasiya komissiyasına 27-29 sentyabr 2021-ci il tarixlərində apelyasiya.dim.gov.az saytı vasitəsilə müraciət edə bilərlər.

Xəbər lenti