Azərbaycan İlahiyyat İnstitutunun rektoru, dosent Aqil Şirinov 27 Sentyabr - Anım Günü münasibətilə paylaşım edib:
"Bu gün xalqımız Anım Gününü qeyd edir. Qələbə zövqünü dadmağı bizə nəsib edən Uca Yaradana şükürlər olsun! İki əsr bundan öncədən başlayaraq başqa məmləkətlərdən gətirilən və Qarabağımızda, İrəvanımızda, Zəngəzurumuzda, Göyçəmizdə, Dərələyəzimizdə, Uluxanlımızda, Zəngibasarımızda, Vedimizdə, Qəmərlimizdə, Ağbabamızda, Qaraqoyunlu dərəsində, Dilicanımızda və digər torpaqlarımızda məqsədyönlü şəkildə yerləşdirilən mənfur tayfaya sarsıdıcı zərbə endirərək əyik başımızı göylərə qaldıran, ölümü öldürərək ölümsüzləşən əziz şəhidlərimizin ruhları qarşısında baş əyir, onları yetişdirən ata-analara sonsuz minnətdarlığımızı bildiririk. Sinəsini vətən yolunda sipər edən qazilərimizə minnətdarıq. Dünyanın böyük güc mərkəzlərinin təzyiqi qarşısında əzmkarlıq və qətiyyət göstərərək Azərbaycan xalqının haqqını qoruyan, millətimizin imzasını övraqi-həyata qoyan müzəffər Ali Baş Komandanımıza minnətdarıq. Azərbaycana hüdudsuz və əmmasız dəstəyini göstərən Türkiyəmizə minnətdarıq. Müsəlman qardaşlığını ritorika və ya siyasi ambisiya naminə deyil, həqiqi mənada və əməli müstəvidə izhar edən qardaş Pakistana minnətdarlığımızı bildirərək “Pakistan zində bad!” deyirik. Və əlbəttə ki, dinindən, etnik və ictimai mənsubiyyətindən asılı olmayaraq, bu çətin və taleyüklü günlərdə bir olmağı, yumruq olmağı bacaran Azərbaycan vətəndaşlarına minnətdarıq. Qoy bayrağımız əbədi olaraq azad yurdumuzun üstündə dalğalansın! Allah şəhidlərimizə rəhmət eləsin! Qarabağ Azərbaycandır!"