Logo

Tarixdən silinməyəcək gün – 27 sentyabr

27.09.2021 09:24 668 baxış
IMG

Bu gün sentyabrın 27-dir. Düz bir il öncə Ermənistan silahlı qüvvələrinin növbəti təxribatına cavab olaraq Azərbaycan ordusu əks-hücum əməliyyatına başladı. Daha 44 gün keçəcək və şanlı ordumuz Azərbaycanın tarixinə Zəfər gününü qızıl hərflərlə yazacaqdı. 

30 ilə yaxın işğal altında qalan əzəli torpaqlarımız, nəhayət öz gücümüzlə mənfur düşmənlərdən təmizləndi. Bu, bütün Azərbaycanın qələbəsi idi. 

Uzun illər ərzində bütün mümkün güzəştlərə hazır olmağımıza baxmayaraq, bu problemi danışıqlar yolu ilə həll etmək, beynəlxalq hüququ təmin etmək mümkün olmadı. Əsas səbəbkar hər vəchlə status-kvonu uzatmağa çalışan Ermənistanı idisə, ikinci səbəb də böyük dövlətlərin, xüsusilə münaqişənin həllinə cavabdeh olan beynəlxalq təşkilatların məsələyə biganə yanaşması, lazımi qətiyyəti göstərməməsi idi. Artıq hamıya aydın idi ki, Ermənistan Azərbaycana müharibədən başqa yol qoymamışdı. 2020-ci ilin iyulundakı Tovuz döyüşləri, Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır, nöqtə” bəyanatı, daha sonra Şuşada rəqs etməsi danışıqların tamamilə faydasız olduğunu ortaya qoymuşdu. Nəhayət, sentyabrın 27-də düşmən keçmiş cəbhə xəttində növbəti təxribat törətməyə cəhd göstərdi. Bu, Azərbaycanın səbr kasasını daşıran sonuncu damla oldu. 

Əks-hücum əməliyyatına başlayan Azərbaycan ordusu düşmənin 30 il ərzində qurduğu müdafiə sədlərini qısa müddətdə yararaq, 44 gün ərzində rayonlarımızı, yaşayış məntəqələrimizi bir-birinin ardınca azad etməyə başladı. Noyabrın 8-də Şuşanın azad olunmasını Azərbaycan böyük təntənə ilə bayram etdi. Bu, düşməni təslim olduğunu etiraf etməyə və kapitulyasiya aktına imza atmağa məcbur etdi. 10 noyabr üçtərəfli bəyanatı ilə Azərbaycan beynəlxalq hüququ, o cümlədən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasını təkbaşına təmin etmiş, eləcə də tarixi ədaləti bərpa etmiş oldu. 

Amma təəssüf ki, bu möhtəşəm qələbə itkilərsiz başa gəlmədi. Şəhidlərimiz, qazilərimiz öz adlarını Azərbaycanın tarixinə yazdıqları bu şanlı səhifəyə həkk etdilər. İstər müharibə günlərində ön və arxa cəbhədə, istərsə də müharibədən sonra yaralılarımızın müalicəsində Azərbaycan Tibb Universitetinin həkim-müəllim heyəti, tələbə və məzunları yaxından iştirak etdilər, bir sıra məqamlarda həlledici rol oynadılar. ATU-nun 18 məzunu torpaqlarımızın azadlığı uğrunda canından keçərək, şəhidlik zirvəsinə yüksəldi. 

İllər ötəcək, amma Vətən müharibəsinin başladığı 27 sentyabr tarixi həmişə xatırlanacaq. Milli qürur mənbəyimiz olan şəhidlərimiz isə xalqımızın qəlbində əbədi yaşayacaq!

27 sentyabr Şəhidlərimizin Anım Günüdür. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Xəbər lenti