Logo

“TÜRKSOY Media Mükafatı” ilə təltif olunan media təmsilçiləri Şuşa şəhərinə səfər ediblər

27.09.2021 11:41 533 baxış
IMG

Sentyabrın 26-da Mədəniyyət Nazirliyi və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) birgə təşkilatçılığı ilə “TÜRKSOY Media Mükafatı” ilə təltif olunan yerli və xarici media təmsilçiləri Şuşa şəhərinə səfər ediblər.

Mədəniyyət Nazirliyi Aparatının rəhbəri Vasif Eyvazzadə, Türkiyənin Trabzon Ortahisar Bələdiyyəsinin başqanı Ahmet Metin Genç, nazirliyin və TÜRKSOY-un məsul nümayəndələrinin də iştirak etdiyi səfər zamanı media təmsilçiləri Azərbaycanın mədəniyyət beşiyi olan Şuşanın tarixi-mədəni irsi, 28 ildən artıq davam etmiş erməni işğalı dövründə dağıdılıb talan edilmiş tikililər, vandalizmə məruz qalmış abidələr, məscidlər, eləcə də Şuşanın işğaldan azad edilməsindən sonra başlanan quruculuq işləri ilə tanış olublar.

Yerli və xarici media təmsilçiləri şəhərin mərkəzi meydanı – “Bazarbaşı”nı, erməni vandalizminə məruz qalmış “Güllələnmiş heykəllər”i – Üzeyir Hacıbəylinin, Xurşudbanu Natəvanın, Bülbülün büstlərini, 2021-ci il iyunun 15-də Azərbaycan və Türkiyə prezidentləri tərəfindən tarixi Şuşa Bəyannaməsinin imzalandığı məkanı, Natəvanın evini, “Xan qızı bulağı”nı, Şuşa qalasının girişi olan Gəncə qapısını, Aşağı Gövhər ağa və Yuxarı Gövhər ağa məscidlərini, Cıdır düzünü, bu ilin avqustunda bərpa edildikdən sonra açılışı keçirilən Molla Pənah Vaqifin məqbərəsini, Bülbülün ev-muzeyini və digər yerləri ziyarət ediblər.

Qarabağın incisi olan qədim Şuşanın tarixi, mədəniyyəti, dahi şəxsiyyətləri və bu gün ölkə rəhbərliyinin tapşırığı ilə burada aparılan genişmiqyaslı quruculuq işləri, şəhərin tarixi görkəminin, zəngin mədəni irsinin bərpası ilə bağlı həyata keçirilən layihələr barədə media nümayəndələrinə ətraflı məlumat verilib.

Qeyd edək ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının “TÜRKSOY Media Mükafatı” ənənəvi olaraq hər il təqdim edilir. 2020-ci il üzrə mükafatlara 44 günlük Vətən müharibəsi dövründə yaşanan hadisələri, Azərbaycanın haqq işini, Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə obyektiv çatdıran və yayımlayan yerli və xarici media təmsilçiləri layiq görülüb. Təqdimat mərasimi sentyabrın 25-də Beynəlxalq Muğam Mərkəzində keçirilib. Mükafata Azərbaycan, Türkiyə, Qazaxıstan, Xorvatiya, Özbəkistan və Qırğızıstandan media təmsilçiləri, o cümlədən bu il iyunun 4-də Kəlbəcər rayonu ərazisində mina partlaması nəticəsində şəhid olmuş azərbaycanlı jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışov layıq görülüblər.

Xəbər lenti