Logo

27 sentyabr - Vətəni bütöv edən şəhidlərə

27.09.2021 12:51
IMG

Xalqımız bu gün qürur, şərəf dolu bir tarixin Anım Gününü qeyd edir. Minilliklər ərzində Azərbaycan xalqının taleyində çoxsaylı faciələr, itkilər yaşanıb, zəngin qəhrəmanlıq səhifələri bir-birini əvəzləyib. 2020-ci ilin 27 sentyabrı isə Azərbaycanın müasir tarixində qürurla, vüqarla anılacaq bir gündür. Çünki o gün Azərbaycanın igid, cəsur oğulları qanları, canları bahasına 30 ildir xalqın sınan, tapdalanan qürurunu – Qarabağı işğaldan azad etdi. Eyni zamanda, ermənilərin xalqımıza qarşı 200 ildən bəri həyata keçirdiyi işğalçılıq əməllərinə 44 gündə son qoyaraq əzmkar, şücaətli, qalib xalq adını özünə qaytardı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva söyləyib. O bildirib ki, tarixin müxtəlif dövrlərində azərbaycanlılara qarşı etnik təmizləmə, soyqırımı həyata keçirən ermənilər ötən əsrin sonlarında da xarici havadarları tərəfindən silahlandırılaraq Azərbaycan torpaqlarının 20 faizini işğal etdi. İşğal zamanı yaşayış məntəqələrimiz dağıdıldı, dinc əhali amansızcasına qətlə yetirildi. Ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində görünməmiş vəhşilik aktı olan Xocalı faciəsi isə bütün bəşəriyyətə qarşı törədilmiş cinayət idi. Bir gecədə Xocalı adlı şəhəri yer üzündən silən ermənilərin bu əməllərinə dünya birliyi göz yumdu, qatillər cəzalandırılmadı. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün təsis olunmuş ATƏT-in Minsk qrupu fəaliyyətinin 29 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışdı, illər ərzində aparılan danışıqlar nəticəsiz qaldı. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il icra olunmadan kağız üzərində qaldı. Ermənistan isə bu illər ərzində işğalçılıq siyasətinə davam etdi, ərazilərimizdə təxribatlar törətdi, mütəmadi olaraq təmas xətti boyunca dinc əhalimizə atəş açdı, onların rahat yaşayışına mane oldu. 2016-cı ilin Aprel və 2020-ci ilin Tovuz döyüşləri isə göstərdi ki, Azərbaycan bu işğalla heç zaman barışmayacaq.

2020-ci il sentyabrın 27-dən Ermənistanın ölkəmizə qarşı başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda Vətən müharibəsinə başladı. Xatırladıqca yenə sanki o günlərə qayıdırıq. Dövlətimizin başçısı həmin gün xalqa müraciət etdi və nəinki ölkəmizdə, hətta dünyada yaşayan azərbaycanlıların gözü, diqqəti ekranlarda idi. Çünki artıq səbir tükənmişdi, hər kəs bu günü, Müzəffər Ali Baş Komandanın əmrini gözləyirdi. Prezident İlham Əliyev həmin gün xalqa müraciəti zamanı bildirdi: “Azərbaycan torpaqlarının işğalı Ermənistanın planındadır və onlar bunu gizlətmirlər. Onların hərbi-siyasi rəhbərliyi Azərbaycanı yeni işğalla hədələməyə çalışırdı, yeni ərazilər uğrunda yeni işğal siyasəti. Budur, bu gün Ermənistan hərbi-siyasi rəhbərliyinin siyasəti. Digər səbəb Ermənistanda mövcud olan çox ciddi sosial, iqtisadi və siyasi məsələlərdən ölkə əhalisinin fikrini yayındırmaq və Azərbaycandan düşmən obrazı yaratmaqdır. Daha bir səbəb isə ondan ibarətdir ki, Ermənistan hər vəchlə çalışır ki, danışıqlar prosesi pozulsun və deyə bilərəm ki, buna nail olub. Məhz Ermənistanın riyakar, qeyri-konstruktiv və yalançı siyasəti nəticəsində hazırda danışıqlar faktiki olaraq dayanıbdır. Növbəti təxribatın törədilməsi məhz bu məqsədləri güdür”.

Vurğulanıb ki, işğalçı Ermənistan bu dəfə məqsədlərinə çata bilmədi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük bacarıq və qətiyyətlə rəhbərlik etdiyi, rəşadətli Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq ermənilərin arzusunu ürəyində qoydu. Xalqa müraciəti zamanı dövlət başçımız fikrini bu sözlərlə yekunlaşdırdı: “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Qətiyyətlə deyilmiş sözlər və şanlı Qələbə ilə nəticələnən sonluq. Müzəffər Ali Baş Komandan ordusunun gücünə, əsgərinin rəşadətinə və xalqın birliyinə inanırdı. Həqiqətən də işğaldan ötən müddət ərzində ölkəmizin hərbi qüdrəti artmış, uğurlu ordu quruculuğu sayəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında yer almışdı. Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz şərəfli missiyasını uğurla davam etdirir. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir.

Beləliklə, Prezident, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev çox keçmədən xalqına müjdəli xəbərləri çatdırmağa başladı. Elə ilk günlərdən uğurlu əks-hücum əməliyyatı zamanı düşmənin canlı qüvvəsi, hərbi texnikasına böyük ziyan vurulduğunu, Azərbaycanın işğal altında olan bir neçə yaşayış məntəqəsinin işğalçılardan azad edilməsi xəbərlərini insanlar sevinc göz yaşları ilə qarşıladılar. Beləcə, ard-arda gözəl xəbərlər gəlməyə başladı. Rəhbər, ordu və xalq birliyi Vətən müharibəsində qələbəni şərtləndirən ən başlıca amil oldu. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə gecə-gündüz çalışan mülki insanlar, bütövlükdə xalqın əzm və iradəsi, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirməsi düşmənə sarsıdıcı zərbələr endirdi.

Tarixdə heç bir müharibə qansız-qadasız, itkisiz ötüşməyib. Hər qazanılan zəfərin arxasında cəsur oğulların tökülən qanları var. Əbəs demirlər ki, torpaq su ilə qarışanda palçıq, qanla qarışanda Vətən olur. Vətən məhz torpağı uğrunda gözünü qırpmadan canından, qanından keçməyi bacaran oğullar sayəsində var olur. 27 sentyabr - Anım Günündə ruhları qarşısında baş əydiyimiz şəhidlərimiz, itkin düşmüş hərbi qulluqçularımızla bərabər, həm də müzəffər Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmənin təxribatlara əl ataraq, cəbhə bölgəsindən uzaqda günahsız mülki insanları hədəfə almaqla törətdiyi müharibə cinayətlərinin qurbanları da var.

Tərtərdə, Gəncədə, Bərdədə həlak olan dinc, günahsız insanlar da Vətən müharibəsinin şəhidləridir. Qəhrəman oğullarımızın şücaəti, şəhidlərimizin qanı, canı bahasına bütün dünya Azərbaycanın şanlı Qələbəsinin şahidi oldu və bu zəfər həm də “Ermənistanın güclü ordusu var”, “erməni xalqı döyüşkən xalqdır” kimi miflərə birdəfəlik son qoydu. Əlbəttə ki, cəsur, vətənpərvər oğulların yetişməsində məktəbin, təhsilin rolu danılmazdır.

“44 günlük müharibənin gedişi bir daha onu göstərdi ki, təhsil sisteminin yetişdirdiyi vətəndaş, ilk növbədə öz köklərinə və əzəli torpaqlarına bağlı, hər qarış torpağı üçün canından keçməyə hazır olan, milli mənsubiyyəti ilə fəxr edən, xalqının adət-ənənələrinə və mənəvi dəyərlərinə sadiq vətənpərvərdir. Vətən müharibəsində iştirak edən Bakı məktəblərinin 38 müəllimi yalnız sinif otaqlarında deyil, döyüş meydanında da vətənpərvərlik dərsi keçərək, şagirdləri ilə çiyin-çiyinə vuruşaraq şanlı tariximizə imza atdı. Paytaxt məktəbləri məzunlarından 354 nəfəri şəhidlik zirvəsinə ucalaraq Vətən qarşısında borclarını layiqincə yerinə yetirdi. Xalqımızın Vətən müharibəsindəki zəfər yürüşü və dünya hərb tarixində açdığı yeni səhifə bu gün dərslərimizə yeni məzmun gətirdi, dərsliklərimiz üçün yeni səhifə açdı. Təsadüfi deyil ki, 2020-2021-ci tədris ilini təhsilimiz üçün “Zəfər ili: sınaqlar və hədəflər” kimi dəyərləndiririk və başlıca hədəflərimizdən biri də məhz Prezidentimizin çıxışlarında dəfələrlə vurğuladığı kimi, gənc nəslin zəfər tariximizdən sonrakı mərhələdə vətənpərvərlik, milli-mənəvi dəyərlər ruhunda tərbiyəsidir. Onu da qeyd edim ki, il ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri tərəfindən həyata keçirilən “Azərbaycan Ordusunun Vətən müharibəsində zəfər yürüşü və dünya hərb tarixində açdığı yeni səhifə” mövzusunda onlayn dərslər, “Vətənin qəhrəman oğulları” adlı VII-IX sinif şagirdləri arasında onlayn videotəqdimat müsabiqəsi, “Qarabağ Azərbaycandır!” intellektual oyunu Azərbaycanın, xüsusilə də işğaldan azad olunmuş ərazilərin tarixi, mədəniyyəti, coğrafiyası, tanınmış şəxsiyyətləri, tarixi abidələri barədə şagirdlərin məlumatlılıq səviyyəsinin artırılması və vətənpərvərlik ruhunda tərbiyəsi işinin təşkili məqsədini daşıyıb. Mütəmadi olaraq qazi müəllimlərimizlə görüşlər keçirir, Bakı məktəblərində təhsil alan şəhid övladlarına xüsusi layihə çərçivəsində qayğımızı əsirgəmirik. Təsadüfi deyil ki, bir neçə gün öncə start verilən yeni dərs ilində ölkənin bütün məktəblərində ilk dərslər təhsil naziri Emin Əmrullayevin imzaladığı “2021-2022-ci tədris ilində ümumi təhsilin fəaliyyət istiqamətləri barədə” əmrinə əsasən “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olundu. Bütün bunlar bu möhtəşəm zəfəri xalqımıza qazandıran Azərbaycan əsgərinə, şəhidinə, qazisinə olan əbədi borcumuzdur. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə hər il sentyabrın 27-nin ölkəmizdə Vətən müharibəsində qəhrəmancasına döyüşən, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Anım Günü kimi qeyd edilməsi zəfərin müəlliflərinə olan sədaqət, vəfa nümunəsidir. Anım Günü sadəcə bir dəqiqəlik sükutdan ibarət deyil, o altmış saniyəlik sükutun içərisində Vətənə fəda edilən neçə-neçə yarımçıq qalmış talelər var. O bir dəqiqənin daşıdığı məna yükü nəinki dəqiqələr, saatlar, heç illərə də sığmaz. O sükutda şəhid Vətən oğullarının dastanlara sığmayan qəhrəmanlığı var. Bir daha onların hər birinin qarşısında baş əyirik, onlar sayəsində Vətənimiz bütöv oldu, Qarabağ həsrətimiz bitdi, Şuşa xəyallarımız gerçəkləşdi. Şəhidləri unutmamaq və unutdurmamaq isə indi hər birimizin əməli fəaliyyətini tamamlayan vətəndaşlıq borcudur”, - deyə Mehriban Vəliyeva bildirib.

Xəbər lenti