Logo

BDU-da “Vətən tarixinin şanlı səhifəsini yazanlar” adlı dəyirmi masa keçirilib

27.09.2021 17:05 410 baxış
IMG

Bu gün Bakı Dövlət Universitetində (BDU) 27 sentyabr - Anım gününə həsr olunmuş “Vətən tarixinin şanlı səhifəsini yazanlar” adlı onlayn  dəyirmi masa keçirilib.

Dəyirmi masa Vətən müharibəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan BDU-nun rektoru Elçin Babayev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin  rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun işgalçı Ermənistan üzərində tarixi Qələbəsindən bəhs edib. O bildirib ki, Azərbaycan ordusunun Ermənistan üzərində qələbəsi regionda sülhün, sabitliyin və inkişafın təmin olunmasında mühüm əhəmiyyət kəsb edir. Döyüş meydanında şanlı ordumuzun əldə etdiyi misilsiz qələbələrlə yanaşı, ölkə rəhbərinin bu həssas və taleyüklü günlərdə apardığı diplomatik mübarizə, dünyanın nüfuzlu nəşrlərinə verdiyi müsahibələr də Azərbaycanın haqq səsini dünyaya çatdırdı. Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Tərtər, Bərdədə terror zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı. Bu qələbəni, zəfəri bizlərə yaşadan isə Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, güclü ordumuz, rəşadətli əsgər və zabitlərimizdir.

Rektor bu qələbədə Bakı Dövlət Universitetinin tələbə və məzunlarının da qəhrəmancasına döyüşdüyünü xüsusi vurğulayıb. Birinci Qarabağ müharibəsi və 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanların əziz xatirəsinin Azərbaycan xalqının qəlbində daim yaşayacağını, qazilərimizlə fəxr etdiyini diqqətə çatdırıb. Xalq-iqtidar-ordu birliyinə, qardaş və dost ölkələrin siyasi və mənəvi dəstəyinə, ən başlıcası isə Ali Baş Komandanımızın sərkərdəlik məharətinə söykənərək əldə etdiyimiz tarixi qələbənin Azərbaycanın zəngin dövlətçilik tarixinə ən böyük, parlaq qələbələrdən biri kimi düşdüyünü qeyd edib..

Daha sonra BDU-nun şəhid məzunu Cavid Manafovun anası Natəvan Manafova, Xalq artisti, şəhid baş leytenant Rövşən Nurzadənin atası Əli Nur, professor İbrahim Zeynalov, YAP Yasamal rayon təşkilatının sədri, BDU-nun dosenti Bəxtiyar Nəbiyev, Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz,  professor Qabil Əliyev və Vətən Müharibəsi iştirakçısı, BDU-nun məzunu Xəyal Zeynalov çıxış ediblər. Çıxışlarda Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, qətiyyəti, ordumuzun əzmi sayəsində tariximizin ən parlaq və unudulmaz zəfərlərindən birini yaşaması, müzəffər Azərbaycan Ordusunun qüdrəti, yenilməz Azərbaycan əsgərinin qəhrəmanlığı, Türkiyə-Azərbaycan dostluq və qardaşlığından bəhs olunub. Bu şanlı Qələbənin əldə edilməsində xalqımızın birliyi və həmrəyliyinin böyük rol oynadığı vurğulanıb.

Xəbər lenti