Logo

Məktəblərdə Zəfər muzeyi və xatirə lövhəsinin açılış mərasimləri keçirilib

27.09.2021 18:34 406 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 20 nömrəli məktəb-liseydə şəhid Məmmədağa Səfərovun xatirə lövhəsinin və 39 nömrəli tam orta məktəbdə Zəfər muzeyinin açılış mərasimləri keçirilib.

Tehsil.biz xəbər verir ki, açılış mərasimləri Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Mərasimlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) struktur bölmə rəhbərliyi, şəhid valideynləri, qazilər, ictimaiyyət nümayəndələri, müəllimlər, şagirdlər və digər qonaqlar iştirak ediblər.

Açılış mərasimlərində çıxış edənlər 2020-ci ilin 27 sentyabrını Azərbaycanın müasir tarixində qürurla, vüqarla anılacaq bir gün kimi dəyərləndirərək, Anım Gününün tarixinin əhəmiyyəti barədə danışıblar. Qeyd ediblər ki, qəhrəman oğullarımızın sayəsində ölkəmiz ermənilərin xalqımıza qarşı həyata keçirdiyi işğalçılıq əməllərinə 44 gündə son qoyaraq əzmkar, qalib xalq və millət adını özünə qaytardı.

Çıxış edənlər Azərbaycan Prezidenti cənab İlham Əliyevin və rəşadətli əsgərlərimizin qətiyyəti sayəsində torpaqlarımızın düşmən işğalından azad edilməsinin ölkəmizin həyatında yeni mərhələnin və inkişaf dövrünün əsasını qoyduğunu söyləyiblər.

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmanlıq göstərmiş Vətən övladlarının döyüş yolunun öyrənilməsi, canlarından keçmiş igidlərin xatirəsinin əbədiləşdirilməsi, onların şücaətinin təbliği, şagirdlərdə hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi və azərbaycançılıq məfkurəsinin möhkəmləndirilməsində təhsil müəssisələrinin böyük rolu olduğu qeyd olunub.

Gənc nəslin tariximizə dair biliklərini möhkəmləndirmək, Vətənin bütövlüyü uğrunda canından keçmiş Azərbaycanın igid oğullarının xatirəsini əbədiləşdirmək üçün belə təşəbbüslərin əhəmiyyəti barədə danışan çıxışçılar Azərbaycan qəhrəmanlarının həyatlarının şagirdlər üçün hər zaman örnək olacağına və məktəblilərin Vətənə layiqli övlad kimi yetişəcəyinə əminliklərini ifadə ediblər. 

Tədbirdə çıxış edənlər həmçinin Vətən Müharibəsinin başladığı ilk dəqiqələrdən mənəvi və siyasi dəstəyi ilə Azərbaycanın yanında olan qardaş Türkiyədə də Azərbaycanın zəfərinin böyük qürurla anıldığını, Vətən şəhidlərinin daim xatırlandığını, adlarının əbədiləşdirildiyini vurğulayıblar. Türkiyədə təhsil alan şəhid məzun Məmmədağa Səfərovun adının da Azərbaycanda olduğu kimi qardaş ölkədə də hər zaman qürur və şərəflə anıldığı bildirilib.

Tədbirdə çıxış edən şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.

Daha sonra tədbirdə məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiyalar nümayiş olunub.

Xəbər lenti