Tarixən türk xalqları bir-birinə dəstək olmuşlar. Bu mənada Azərbaycan və Türkiyə dostluğu, qardaşlığı əbədi və sarsılmaz olduğu qədər də, həm də tarixi köklərilə bir-birinə bağlıdır. Bu sağlam təməl üzərində qurulan saf dostluq isə bütün dünya xalqları, dövlətləri üçün bir örnəkdir.
Azərbaycan-Türkiyə dostluğunun sarsılmaz təməli, münasibətlərinin hər bir sahədə sürətli inkişafı Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir", Heydər Əliyevin isə "Biz bir millət, iki dövlətik" tezislərinə söykənmişdir.
Bu gün də bu tezisi gördükləri dünyamiqyaslı işlərlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Cumhurbaşkanı Recep Tayyip Erdoğan yüksək səviyyədə davam etdirirlər.
Bildiyimiz kimi, sentyabrın 27-si saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlarla atəşə tutdu. Bunun nəticəsi olaraq Azərbaycan öz haqq mübarizəsində II Qarabağ savaşına başladı. Bu haqlı mübarizədə yenə də Türkiyə tez bir zamanda Azərbaycana mənəvi dəstəyini göstərdi.
Azərbaycan və Türkiyə dövlətinin mənəvi qardaşlıq bağlılığı zamanın bütün çətin dönəmlərində daha da möhkəmlənir.
Məşhur Çex pedaqoqu Komenskinin təbirincə desək: "Türklər qəhrəmandır, dostlarına zərər verməzlər. Böyük türk milləti tutduğu əli buraxmaz, sözündən dönməz, yaxşı və pis gündə dostlarının yanında olar".
Qüdrətli türk xalqının mərdliyi, qorxmazlığı Türk dünyasının böyük oğlu Ziya Göyalpın sanki bu gün üçün yazılmış şeirində öz təsdiqini tapır:
Cəng meydanında neçə qoç igid,
Din və yurd üçün oldular şəhid,
Ocağı tütsün, sönməsin ümid,
Şəhidi məhzun etmə, Yarəbbi!
Soyunu zəbun etmə, Yarəbbi!
Hər dəfə böyük qürurla, iftixarla şərəfin, haqqın, ədalətin 44 gününü xatırlayırıq. Bu müqəddəs günlərdə xalqın birliyi, ordunun qüdrəti, Ali Baş Komandanımız İlham Əliyevin sərkərdə qüdrəti bütün dünyaya səs saldı.
Vətən savaşı Vətən torpaqlarının azadlığı, haqqın qalibiyyəti ilə yekunlaşdı. Azad olunmuş Vətən torpaqlarının hər qarışına, Vətən insanının mənəvi rahatlığına görə canlarını Azərbaycan adlı məmləkətin varlığı naminə fəda edən şəhidlərimizə əbədi borcluyuq. Şəhidlər otuz ilin ruhsuz qara və boz rəngini Xarı bülbülün al-əlvan rəngləri ilə əvəz edərək, xalqın tapdanmış heysiyyatını, otuz illik töhməti üzərimizdən götürdü.
Bu gün - 27 sentyabr Anım Günü olmaqla bərabər, həm də milli qürur günü idi: milli-mənəvi dirçəlişimizin, dövlətçilik qüdrətimizin, tariximizin şanlı səhifəsinin və ən nəhayət dünya erməniliyi üzərində möhtəşəm qələbəmizin - 27 sentyabr günü.
Bu gün hər birimiz böyük qürurla Vətənin bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış əsgər və zabitlərimizi, mülki vətəndaşlarımızı hörmət və ehtiram əlaməti olaraq yad etdik.
Bu gün Azərbaycanın hər yerində olduğu kimi, dağ zirvəsində mənəvi ucalığımızın şəhəri olan Şuşada da Anım Günü qeyd edildi. Hər yerdə Azərbaycan-Türkiyə bayraqları qoşa dalğalanırdı.
Bu gün qardaş Türkiyənin mediası hər zamankı kimi yenidən yanımızda oldu. Anım Günü ilə bağlı Türkiyənin Anadolu Agentliyinə müsahibə verən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin duyğulu anları isə hər birimizi duyğulandırdı, kövrəltdi, elə türk müxbiri də. Cənab Prezidentimiz hər zaman Vətən torpaqlarının azadlığı uğrunda yorulmaz fəaliyyətilə seçildi. Onun "Dəmir Yumruq" ifadəsi və "Qarabağ Azərbaycandır!" nidası Azərbaycan xalqının şanlı Zəfər Tarixini yazdı.
Mədinə Şaxbanova,
267 nömrəli məktəb-liseyin ibtidai sinif müəllimi