Logo

AzTU-da Anım Gününə həsr olunan tədbir keçirilib

27.09.2021 19:58 661 baxış
IMG

Azərbaycan Texniki Universitetində (AzTU)  27 sentyabr – Anım Gününə həsr olunan tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə rektor Vilayət Vəliyev, təhsil nazirinin müavini Firudin Qurbanov, millət vəkili Elnur Allahverdiyev, Dövlət Sərhəd Xidmətinin Akademiyasının rəisi, polkovnik Aqil Babayev, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, “YAŞAT” Fondunun Himayəçilik Şurasının üzvü, Vəkillər Kollegiyasının üzvü, Aprel şəhidi polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova, Suqovuşanda Azərbaycan bayrağını yüksəldən Vətən müharibəsi iştirakçısı, AzTU-nun məzunu İlkin Fərzəliyev, həmçinin universitetin əməkdaşları iştirak edib.

Əvvəlcə torpaqlarımız uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycanın dövlət himni səsləndirilib.

Rektor Vilayət Vəliyev bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbə bütün dünyaya Azərbaycan ordusunun gücünü nümayiş etdirib. Bu müharibə həm də düşmən üzərində müasir texnika və texnologiyalardan istifadə etməklə də qələbə qazanmağın mümkünlüyünü sübut edib. Rektor qələbənin qazanılmasında AzTU-nun 240-dan çox tələbə və məzununun da iştirakının qürurverici olduğunu qeyd edib. Bildirib ki, Vətən müharibəsində AzTU-nun tələbə və məzunları arasında 28 nəfər şəhidlik zirvəsinə ucalıb. Azərbaycan bayrağını işğaldan azad olunmuş Suqovuşanda dalğalandıran əsgər İlkin Fərzəliyev də AzTU-nun məzunu olub. Daha sonra çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov, millət vəkili Elnur Allahverdiyev, Dövlət Sərhəd Xidmətinin Akademiyasının rəisi, polkovnik Aqil Babayev, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, “YAŞAT” Fondunun Himayəçilik Şurasının üzvü, Vəkillər Kollegiyasının üzvü, Aprel şəhidi polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova, Suqovuşanda Azərbaycan bayrağını yüksəldən Vətən müharibəsi iştirakçısı, AzTU-nun məzunu İlkin Fərzəliyev, AzTU-nun prorektoru Çetin Elmas Azərbaycan xalqının 44 günlük müharibədə dəmir yumruq kimi birləşdiyini xüsusi qeyd ediblər.

Bildirilib ki, 44 günlük müharibə Azərbaycan gənclərinin Vətən sevgisinin böyüklüyünü nümayiş etdirib. Düşmənin “yenilməz Ermənistan ordusu” barədə yaratdığı miflər “Dəmir yumruq” hərbi əməliyyatı zamanı 44 gün ərzində məhv edilib.

Qeyd olunub ki, vaxtilə işğal altında olan torpaqlarımızda tarixi Qələbədən sonra həyat canlanıb.  

Çıxışlardan sonra AzTU-nun Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan tələbə və məzunlarının xatirəsinə həsr olunan videoçarx nümayiş etdirilib.

Tədbir Anım Gününə həsr olunan şeirlər və tələbələrin ifasında təqdim olunan “Xudayar təsnifi” ilə başa çatıb.

Xəbər lenti