Azərbaycan Texnologiya Universitetinin rəhbərliyi, eləcə də tələbə və müəllim kollektivi 27 Sentyabr – Anım Gününə həsr edilmiş şəhər tədbirində iştirak edib.
Tehsil.biz xəbər verir ki, əvvəlcə Gəncənin Şəhidlər Xiyabanı ziyarət olunub, Əbədi məşəl abidəsinin önünə əklil qoyulub. Şəhidlərin ruhuna dualar oxunub. Şəhidlər Xiyabanı ziyarət edildikdən sonra Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində dağılan ərazilər ziyarət edilib. Sonra isə Gəncənin Heydər Əliyev Park-Kompleksində Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan ağacəkmə aksiyası baş tutub.
Daha sonra rəhbərlik, professor-müəllim heyəti və tələbələr Azərbaycan Texnologiya Universitetinin həyətində şəhid məzun və tələbələrin xatirəsinə ucaldılan abidəni ziyarət ediblər. Abidə önünə gül dəstələri düzülüb, Vətənin azadlığı uğrunda canından keçənlərin əziz xatirələri yad edilib.
Qeyd edək ki, 27 Sentyabr – Anım Günü münasibətilə Azərbaycan Texnologiya Universitetinin qarşısında dizayn ixtisasının tələbələrinin əl işlərindən ibarət rəsm sərgisi təşkil edilib. Sərgidə ikinci Vətən müharibəsini əks etdirən 50-yə yaxın maraqlı əsərlər nümayiş etdirilib.