Bakı Dövlət Universitetinin Filologiya fakültəsində 27 Sentyabr - Anım Günü ilə əlaqədar fakültənin məzunu şəhid Kənan Məmmədovun xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə fakültənin professor-müəllim heyəti, tələbələr, şəhidin ailə üzvləri və yaxınları iştirak ediblər.
Tehsil.biz xəbər verir ki, öncə ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda igidlik göstərmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Giriş sözü ilə çıxış edən Filologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov xalqımızın müasir qəhrəmanlıq salnaməsinə çevrilmiş 44 günlük Vətən müharibəsində canlarından keçmiş gənclərimizin göstərdikləri şücaətdən söz açıb. Bildirib ki, fakültənin məzunu, Murovdağ istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmış Kənan Məmmədov müəllimlərinin yaddaşında məsuliyyətli, dərslərinə ciddi yanaşan və mehriban bir tələbə portreti yaratmağı bacarıb. Bu gənc qəhrəman bundan sonra da həmişə dərin ehtiramla yad olunacaq, fakültəmizin hər bir müəllim və tələbəsi onun igidliyindən qürurla danışacaq.
Filologiya fakültəsinin tədris işləri üzrə dekan müavini Cavanşir Muradov Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıqlardan bəhs edib, şəhid Kənan Məmmədov haqqında xatirələrini danışıb.
Daha sonra BDU-nun Rus ədəbiyyatı tarixi kafedrasının əməkdaşları - dosent Solmaz Əliyeva, dosent Ramiz Bağırov, Təranə Məmmədova, Rus dilçiliyi kafedrasının professoru Sevinc Məhərrəmova, fakültənin akademik məsləhətçisi Natəvan Əliyeva, mərhumun tələbə yoldaşları - Kamran Qaraşov, Fəridə Abıyeva və Sevinc Əliyeva Kənan Məmmədovun nümunəvi tələbə kimi yüksək intizam və hazırlığı ilə seçilməsindən, dostlarına qarşı qayğıkeş və yardımsevər olmasından, hərbçi peşəsinə olan xüsusi marağından danışıb, şəhidlə bağlı xatirələrini bölüşüblər.
Sonda ailə üzvləri adından çıxış edən Anar Məmmədov qardaşı Kənan Məmmədovun şəxsi keyfiyyətlərindən, xüsusən vətən sevigisindən söz açıb, fakültə rəhbərliyinə və təşkilatçılara təşəkkürünü bildirib.
Qeyd edək ki, tədbirdə Kənan Məmmədova həsr olunmuş film və videoçarx nümayiş etdirilib, fakültənin II kurs tələbəsi Cahan Salmanovanın ifasında şeir səsləndirilib.