Hər il qəbul imtahanında yüksək bal toplayan tələbələrin üz tutduğu ali təhsil müəssisələrindən olan Azərbaycan Tibb Universiteti bu il də öz reytinqini qoruyub saxlayıb. Üstəlik, ölkənin bu ilki ən gənc tələbəsi də universitetimizdə təhsil alacaq. Yüksək göstəricilərə imza atmış tələbələrdən bir neçəsi ilə sizləri də tanış edirik.
Kamil Əfəndiyev
21 oktyabr 2003-cü ildə Biləsuvar rayonunda yerləşən 4 saylı Cəbrayıl qəsəbəsində anadan olub. 2021-ci ildə Cəbrayıl rayonu, Əsgər Veysəlov adına Sirik kənd orta məktəbini fərqlənmə attestatı ilə bitirib. Bir sıra fənn olimpiadalarında iştirak edib. Respublika fənn olimpiadasında riyaziyyat fənnindən rayon mərhələsində yer tutub.
Həkim olmaq həm özünün, həm də babasının arzusu olub: “Babam istəyirdi ki, ailəmizdə bir nəfər həkim olsun. Özümə söz verdim ki, babamın və özümün arzumu gerçəkləşdirim. Bu il 692.5 bal toplayaraq Azərbaycan Tibb Universitetinə daxil oldum. Bu uğuruma görə həmişə yanımda olan valideynlərimə, müəllimlərimə minnətdaram. Sevinirəm ki, onların mənə görə çəkdikləri əziyyət hədər getmədi.
Cavidan Bayramlı
2004-cü il iyunun 21-də Beyləqan rayonunda dünyaya gəlib. 2010-cu ildə R.Quliyev adına Yeni Mil kənd tam orta məktəbin 1-ci sinfinə daxil olub. Bu il 610.2 balla ATU-nun Hərbi tibb fakültəsinə daxil olub. Amma adıçəkilən fakültəyə daxil olan, yüksək bal toplayan 2 kursant Gülhanə Tədris və Araşdırma Xəstəxanasının Hərbi tibb fakültəsində oxumağa vəsiqə qazanıb. Onlardan biri də Cavidandır.
O, orta məktəbdə oxuduğu dövrdə biologiya fənni üzrə olimpiadanın final turunda iştirak etmək hüququ qazanıb: “Türkiyədə təhsil alacağımı eşidəndə, mən və ailə üzvlərim çox sevindik. Bu xəbər məktəbimizin direktorunu, mənə dərs deyən müəllimlərimi də qürurlandırdı. Hazırlaşdığım bilik səviyyəsinə görə Tibb Universitetinə daxil olacağıma əmin idim. Amma Ankarada təhsil alacağım xəbərindən həyəcanlandım. Bir daha əmin oldum ki, müəllimlərinin məsləhətinə qulaq asıb, əzmlə çalışan heç bir şagirdin əziyyəti hədər getməz, zəhməti uğur və sevinclə nəticələnər”
Aygün Məhərrəmova
2003-cü ildə Beyləqan rayonunun Yuxarı Aran kəndində anadan olub. 2017-ci ildə Respublika fənn müsabiqələrində fizika fənni üzrə iştirak edib və gümüş medal qazanıb. 2019-cu ildə isə Respublika fənn olimpiadalarında Azərbaycan dili və ədəbiyyat fənni üzrə gümüş medala layiq görülüb.
Elə həmin il “Ədəbiyyat biliciləri” adlı müsabiqədə də iştirak edib, həvəsləndirici yerə layiq görülüb. Rayon və region üzrə keçirilən bir sıra yarışlarda iştirak edərək diplom və sertifikatlar alıb. 691.4 bal toplayaraq universitetimizin I Müalicə-profilaktika fakültəsinə daxil olub. Yaxşı həkim olmaq üçün səylərini daha da artırmaq niyyətindədir.
Elmir Quliyev
2004-cü ildə Gəncədə anadan olub. 2021-ci ildə Gədəbəy rayonunun Ağmalı (indiki Çanaqçı) kənd tam orta məktəbini bitirib. 620.8 bal toplayaraq ATU-nun Hərbi tibb fakültəsinə daxil olub.
Yüksək nəticə göstərdiyinə görə, təhsilini Gülhanə Tədris və Araşdırma Xəstəxanasında davam etdirəcək: “Aşağı sinifdə oxuyanda, Qarabağ müharibəsi veteranı olan atam Rasim Quliyev hərbi həkimlər barədə mənə danışmışdı. Mənim də hərbi həkim olmağımı arzu edirdi. Onun arzusunu reallaşdırmağı 9-cu sinifdə qarşıma məqsəd qoydum. Atam mənə vətənpərvərliyi, Vətəni, torpağı sevməyi öyrətdi. Vətənimizi yağı düşmənlərdən necə qorumağı izah etdi. Ciddi hazırlaşdım və məqsədimə çatdım. Gülhanə Tədris və Araşdırma Xəstəxanasının Hərbi tibb fakültəsində oxuyacağım xəbəri ailəmi həm çox sevindi, həm də bir az kədərləndi. Ona görə sevindilər ki, Türkiyənin nüfuzlu ali təhsil müəssisələrinin birində təhsil alacağam. Ona görə kədərləndilər ki, vətəndən və qohumlardan bir az uzaqda olacağam. Amma məni heç bir çətinlik qorxutmur. Yaxşı həkim və hərbçi olacağıma əminəm”.
Həmid Səfərli
2006-cı il yanvarın 23-də Goranboy rayonunda anadan olub. 2021-ci ildə Goranboy rayon 2 saylı tam orta məktəbi bitirərək, 602.9 balla Azərbaycan Tibb Universitetinə daxil olub. Sevindirici haldır ki, H.Səfərlinin eyni məktəbdə təhsil alan bacısı Leyla da 631.1 bal toplayaraq universitetimizdə təhsil almaq hüququ əldə edib. Eyni fakültəyə daxil olan bacı-qardaş eyni qrupda təhsillərini davam etmək niyyətindədir: “Müəllimlər mənim qeyri-adi bacarığımı görüb 4 yaşımda məktəbə götürdülər. Bacımla eyni sinifdə oxudum. Tay-tuşlarımdan 2 yaş kiçik olsam da, onlardan geri qalmadım. Əla qiymətlərlə oxudum və gördüyünüz kimi, Tibb Universitetinin tələbəsiyəm. Gələcəkdə savadlı həkim olmaq niyyətindəyəm”.