Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatı (TGT) və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşəbbüsü ilə 17 noyabr - Milli Dirçəliş Günü və Beynəlxalq Tələbə Günü münasibətilə onlayn tədbir keçirilib. Onlayn tədbirdə TGT-nin sədri Nicat İsmayılov, THİK-in sədri Hacıbaba Mustafayev, idarə heyətləri və aktiv üzvlərin iştirakı ilə baş tutub.
Tələbələr Milli Dirçəliş Gününün tarixinə nəzər salıb, əlamətdar günün əhəmiyyətindən danışıb. Ümummilli Lider Heydər Əliyev hakimiyyəti dövründə respublikamızın ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisində mühüm nailiyyətlər qazandığı vurğulanıb. Azərbaycan xalqının hər zaman birlik və əzəmət nümayiş etdirməsindən danışılıb, Vətən müharibəsində qazandığımız zəfərlərə diqqət çəkilib. Vətən müharibəsi başlandığı gündən ölkə gənclərinin könüllü olaraq cəbhə bölgəsinə getmək istəyi, bütün Azərbaycanın Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşərək cəbhədə və informasiya müharibəsində aktiv iştirakından bəhs edilib.
Tələbələr çıxışlarında qeyd ediblər ki, ölkəmizin bütün gəncləri kimi, Bakı Dövlət Universitetinin tələbə-gəncləri də əsası Ulu Öndər tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən Dövlət Gənclər siyasətinin həyata keçirilməsinə öz töhfəsini verməkdədir.