Yeni tədris ilinin başlaması münasibəti ilə ATU-ya qəbul olunan I kurs tələbələri ilə tanışlıq xarakterli görüş keçirilib.
Tehsil.biz xəbər verir ki, universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı və media üzrə depatament sədri İlkanə Quluzadənin aparıcılığı ilə baş tutan görüşdə əvvəlcə Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb.
Rektorun yanında İctimai Nəzarət və Məşvərət Şurasının sədr müavini, ATU-nun dosenti Aidə Bəndəliyeva tədbirdə çıxış edərək 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə xalqımıza qələbə sevinci yaşadan əsgər və zabitlərimizin qəhrəmanlığından söhbət açıb. Bu qələbədə ATU-nun məzunlarının da payı olduğunu qürur hissi ilə xatırladaraq, Rasim Abdullayev, Adil Əfəndiyev, Tural Abdullayev, Turqut Xəlilbəyli və onlarla digər tibb işçisinin adlarını səsləndirib.
Daha sonra Azərbaycan Tibb Universitetinin tarixi inkişaf yolundan danışan A.Bəndəliyeva ölkəmizin nüfuzlu ali məktəbində təhsil almaq şansı qazanan gəncləri təbrik edib, onlara təhsil illərində uğurlar arzulayıb.
Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Elvin Kərimli də Vətən müharibəsində müzəffər ordumuzun əks-həmlə əməliyyatının böyük zəfərlə nəticələndiyini vurğulayıb. Torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarından keçən şəhidlərimizə rəhmət, sağlamlıqlarını itirən qazilərimizə şəfa diləyib.
Bundan sonra E.Kərimli tələbə adını qazanan gənclərə təhsil alacaqları universitetin maddi-texniki bazası, fakültə və kafedraları, ictimai təşkilatları, elmi-pedaqoji nailiyyətləri və professor-müəllim heyəti haqqında ətraflı məlumat verib.
Eyni zamanda I kurs tələbələrini universitetdə fəaliyyət göstərən tələbə təşkilatlarının işi ilə tanış edib. O bildirib ki, Tələbə Həmkarlar İttifaqı Komitəsi, əsasən, tələbələrin asudə vaxtlarını səmərəli keçirmələri üçün tədbirlər planı hazırlayır, seminarların, konfransların təşkili ilə məşğul olur.
O, tələbələrin arzu və təkliflərini reallaşdırmağa çalışdıqlarını, yeri gələndə müvafiq qurumlar qarşısında məsələ qaldırdıqlarını da diqqətə çatdırıb.
Daha sonra Azərbaycan Tibb Universitetinin himni səsləndirilib. Himnin sədaları altında universitetin 90 il müddətindəki sosial-ictimai həyatı slaydlar vasitəsilə nümayiş etdirilib. Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini, VI kurs tələbəsi Cavid Mustafayev ATU-nun mövcud daxili intizam qaydaları, aparılan mühazirələr, praktiki seminarlar və imtahan prosesi barədə I kurs tələbələrini məlumatlandırıb.
Tələbə Həmkarlar İttifaqı Komitəsinin I Müalicə-profilaktika fakültəsi üzrə sədri Elbəy Cabbarlı, II Müalicə-profilaktika fakültəsi üzrə sədri Mürvət Bünyadov, İctimai səhiyyə fakültəsi üzrə sədri Aysel İsmixanova, Hərbi tibb fakültəsi üzrə sədri Vahid Rzayev, Stomatologiya fakültəsi üzrə sədri Rəsul Aslanov və Əczaçılıq fakültəsi üzrə sədri Ruhanə Hüseynova da I kurs tələbələri ilə səmimi ünsiyyət quraraq, onları ilk gündən universitetin ictimai həyatında fəal iştirak etməyə çağırıblar.
Universitetin nəzdində fəaliyyət göstərən klub və departamentlərin təmsilçiləri Dilbər Əliyeva Rahim, Məhəmməd Məmmədov, Süsən Məmmədli, Naidə Aydınova, Ülkər Məmmədova və digər ictimai fəallar I kurs tələbələri ilə qeyri-rəsmi söhbətlərində onları ictimai təşkilatlarda çalışmağın tədrisə mane olmadığına əmin ediblər. Həmçinin ictimai təşkilatlara, klub və departamentlərə necə üzv olmaq barədə sualları cavablandırıblar.
Tədbirin sonunda I kurs tələbələri universitet şəhərciyini gəzib, tədris korpusları və auditoriyalarla əyani tanış olublar.