Mingəçevir Dövlət Universitetinin (MDU) “Crisis Heroes” startap komandasının smart kənd təsərrüfatı sahəsində “Artificial Irrigation” (süni suvarma) süni intellekt əsaslı startapı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin tərəfdaşlığı, New World proqramı və Coca-Cola Fondunun maliyyə dəstəyi ilə Youth Inc. Sahibkarlıq Proqramı çərçivəsində icra olunan “from Start to Smart” layihəsinin inkubasiya adlanan üçüncü mərhələsinə keçid alıb.
Tehsil.biz xəbər verir ki, gənclər arasında sahibkarlığın və startapların inkişafına yönələn, eləcə də su problemlərinin innovativ həllinə istiqamətlənən “from Start to Smart” layihəsi ideya generasiyası, pre-inkubasiya, inkubasiya və final olmaqla dörd mərhələdən ibarətdir. Layihə ideyaların yaradılması, həmin ideyalar əsasında prototipin ərsəyə gəlməsi və sonda investisiya əldə etmək imkanlarını təqdim edir.
Üçüncü mərhələdə iştirak hüququ qazanan MDU komandasının "Artificial Irrigation" startapının məqsədini süni suvarma vasitəsilə artıq su sərfinin minimuma endirilməsi, suvarma zamanı yaranan şoranlaşma və eroziyanın qarşısının alınması, eləcə də vaxta qənaət təşkil edir. Eyni zamanda, sözügedən startap layihəsi çərçivəsində əkin sahəsinə getmədən suvarmanın həyata keçirilməsini mümkün edən mobil tətbiqin yaradılması nəzərdə tutulub.
İnkubasiya mərhələsi çərçivəsində keçirilmiş ilk görüşdə “Crisis Heroes“ komandasının mentoru, “ZADE-AI&ROBOTICS” şirkətinin təsisçisi İman Quluzadə inkubasiya yol xəritəsi haqqında geniş məlumat verib, görülən və planlaşdırılan işlər haqqında fikir mübadiləsi aparıb.
Qeyd edək ki, tələbələrin hərtərəfli inkişafını diqqət mərkəzində saxlayan MDU-da startap layihələrinə müvafiq dəstəyin göstərilməsinə, gənclərin innovativ ideyalarının aşkara çıxarılmasını təşviq edən tədbirlərin həyata keçirilməsinə xüsusi önəm verilir.