Logo

MDU-da gənc əməkdaşlarla görüş keçirilib

28.09.2021 16:48 685 baxış
IMG

2021-ci ilin 23 sentyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) yeni tədris ilinin başlanması ilə əlaqədar universitetin bir qrup gənc akademik və inzibati heyət üzvü ilə görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, görüşdə yeni tədris ilinin başlanması münasibətilə təbriklərini çatdıran MDU-nun rektoru Şahin Bayramov universitetin müasirləşməsi və dinamik inkişafında gənc kollektiv üzvlərinin rolundan danışıb.

Ötən tədris ilində strateji hədəflərə uyğun olaraq universitetin modernləşməsi və hərtərəfli inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışan rektor gənc əməkdaşların fəallığını və təşəbbüskarlığını yüksək qiymətləndirib.

Universitet idarəçiliyində gənc kadrlara xüsusi önəm verildiyini vurğulayan Ş.Bayramov onların bilik və bacarıqlarının artırılması istiqamətində görülən işlərdən bəhs edib və yaradılan əlverişli imkanlardan daha fəal surətdə faydalanmağı tövsiyə edib.

Sentyabrın 29-dan etibarən respublikamızın ali təhsil müəssisələrində ənənəvi tədrisə başlanılacağını vurğulayan rektor yeni tədris ilində universitetdə kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi, elmi və pedaqoji fəaliyyətin səmərəliliyinin artırılması məqsədilə qarşıda dayanan vəzifələri diqqətə çatdırıb və gənclərə uğurlar arzulayıb.

Görüş iştirakçıları MDU-da gənclərin hərtərəfli inkişafı üçün yaradılmış əlverişli təhsil mühitindən məmnun olduqlarını bildiriblər, göstərilən yüksək diqqət və həssaslığa görə universitet rəhbərliyinə təşəkkürlərini çatdırıblar.

Qeyd edək ki, yeni tədris ilinin başlanması ilə əlaqədar MDU-da tələbə və müəllim kollektivi üzvləri ilə silsiləvi görüşlər keçirilib.

Xəbər lenti