Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazılan 2020-ci ilin sentyabr ayından bir il ötsə də o tarixi qələbə hələ yüz illərlə xatırlanacaq. Çünki həmin ildə qüdrətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində böyük Zəfərə, unudulmaz tarixi qələbəyə imza atdı. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun xalqımıza bəxş etdiyi sevinci hər bir azərbaycanlı bu gün böyük qürur hissi ilə yaşayır. Müasir tariximizə qızıl hərflərlə yazılan bu misilsiz hərbi nailiyyət haqqında hələ uzun illər iftixarla danışılacaq. Ən əsası isə qazandığımız bütün bu tarixi nailiyyətlərə görə Ali Baş Komandana, onun rəhbərliyi altında bizləri Qələbə sevincinə qovuşduran Azərbaycan Ordusuna, əsgər və zabitlərimizə, Vətən uğrunda canından keçən qeyrətli, cəsur oğullarımıza və qazilərimizə minnətdarıq.
Bu günlərdə Gəncə Dövlət Universitetində Vətən müharibəsi qaziləri ilə keçirilən görüşdə bu barədə geniş söhbət açılmışdır. Görüşü giriş sözü ilə universitetin rektoru, professor Yusif Yusibov açaraq torpaqlarımızın düşməndən azad edilməsində əsl qəhrəmanlıq göstərən şəhid övladıarımızın xatirəsinə öz ehtiramını bildirmiş və diqqətə çatdırmışdır ki, bu qələbədə qazilərin də böyük xidmətləri olmuşdur. Onlar əsl vətənpərvərlik nümayiş etdirərək 30 il işğal altında olan torpaqlarımızın cəmi 44 gün ərzində yağı düşməndən azad edilməsində böyük fədakarlıq göstəriblər.
Qeyd edilmişdir ki, Vətən müharibəsində universitetin 33 tələbəsi, o cümlədən 6 nəfər məzunu da iştirak etmiş və qazi statusu almışdır. Universitet rəhbərliyi həmin qaziləri işlə təmin etmişdir. Sinəsini Kəlbəcərin, Cəbrayılın, Qubadlının, Laçının azad olunması medalları bəzəyən bu qazilər universitet rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanaraq, onların sosial-məişət məsələləri həll edilir. Bundan başqa qazilərin, eləcə də Vətən müharibəsində iştirak etmiş tələbələrin tanınması üçün universitetdə düzəldilən guşələrdə onların şəkilləri nümayiş etdirilir.
Vətən müharibəsi qaziləri Orxan Əliyev, Arzu Namazov, Murad Rüstəmov, İsmət Budaqov, Amin Mustafayev və Nicat Məmmədov çıxış edərək universitet rəhbərliyinin onlara göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Sonda rektor Yusif Yusibov qazilərin arzu və təkliflərini dinləmiş və onların bundan sonra da diqqət mərkəzində saxlanacaqlarını bildirib.