Bakı Mühəndislik Universitetində (BMU) 2021/2022-ci tədris ilində BMU-İNHA ikili diplom proqramı üzrə universitetin İnformasiya texnologiyaları, İnşaat mühəndisliyi, Elektrik mühəndisliyi və Elektronika mühəndisliyi ixtisaslarına qəbul olmuş tələbələrlə görüşlər keçirilib.
Tehsil.biz xəbər verir ki, tədbirlərdə BMU-İNHA ikili diplom proqramının direktoru Humay Cəfərli, ikili diplom proqramının idarə edilməsi üzrə bölmə rəhbəri Hyunjin Yang, BMU-İNHA ikili diplom proqramı üzrə baş mütəxəssis Sevinc İskəndərova, Mühəndislik fakültəsinin tədris işləri üzrə dekan müavini Osman Mirzəyev, Memarlıq və inşaat fakültəsinin tədris işləri üzrə dekan müavini Pərviz Məmmədov və elmi işlər üzrə dekan müavini Vüqar Muradov, Avtomatika və elektroenergetika kafedrasının baş müəllimi Hamed Kaghazchi iştirak ediblər.
H.Cəfərli və Hyunjin Yang ikili diplomu proqramına qəbul olan tələbələri təbrik edib, onlara təhsil fəaliyyətlərində uğurlar arzulayıblar.
S.İskəndərova proqram haqqında ətraflı danışaraq onun üstünlüklərindən bəhs edib. Bildirib ki, ikili diplom proqramına əsasən tələbələr 3 akademik ili BMU-da, 1 akademik ili (sonuncu kursu) isə Cənubi Koreyanın İNHA Universitetində təhsil alacaqlar. Tələbələrin təhsil müddəti ərzində müvafiq dil bacarıqlarını formalaşdırmaq üçün proqramın şərti olan Koreya dili dərsləri tədris olunacaq və onlar “TOPİK” sertifikatına malik olmaq üçün imtahanlarda iştirak edəcəklər. Proqram çərçivəsində tələbələrin 2-ci kursun sonunda Cənubi Koreyada 3 həftəlik yay məktəbində iştirakı da nəzərdə tutulur. Cari proqramın tam olaraq dövlət vəsaiti hesabına təmin olunduğunu söyləyən S.İskəndərova 4 ilin sonunda tələbələrin iki diplom əldə edəcəklərini vurğulayıb.
Görüşlər zamanı BMU-nun Tələbə Məlumat Sistemi (TMS), tələbə biliyinin qiymətləndirilməsi, tədrisin təşkil olunması, imtahanların və təkrar imtahanların keçirilməsi, həmçinin elektron kitabxana barədə tələbələrə geniş məlumat verilib. Bununla yanaşı, universitetdə mövcud olan tələbə təşkilatları, o cümlədən Tələbə Elmi Cəmiyyəti, Tələbə Gənclər Təşkilatı, Tələbə Həmkarlar İttifaqı Komitəsi barədə informasiyalar iştirakçıların diqqətinə çatdırılıb. Vurğulanıb ki, BMU-da fəaliyyət göstərən tələbə klubları tələbələrin sosial və elmi həyatının zənginləşməsində çox əhəmiyyətli rol oynayır.
Tədbirlərdə, eyni zamanda, tələbələrin nizam-intizam, mövcud pandemiya şərtlərinin tələblərinə əməl olunması məsələlərinə də toxunulub.
Görüşlərdən sonra tələbələrin ingilis dili səviyyələrini yoxlanılması və müvafiq qruplarda yerləşdirilməsi məqsədilə səviyyə imtahanı təşkil olunub.
Qeyd edək ki, BMU ilə Cənubi Koreyanın İnha Universiteti arasında bakalavriat səviyyəsində mühəndislik ixtisasları istiqaməti üzrə ikili diplom proqramı üzrə İnformasiya texnologiyaları, İnşaat mühəndisliyi, Elektronika mühəndisliyi və Elektrik mühəndisliyi ixtisaslarına qəbul artıq 2-ci ildir ki, həyata keçirilir.