Logo

ATU-nun Tədris Terapevtik Klinikası normal fəaliyyətini bərpa edir

28.09.2021 17:59 702 baxış
IMG

Yeni tədris ilinin başlanması ilə əlaqədar klinikada müşavirə keçirilib

2021-2022-ci tədris ilinin başlanması ilə əlaqədar olaraq ATU-nun Tədris Terapevtik Klinikasında kafedra, tədris hissə, şöbə müdirləri, baş tibb bacıları, təsərrüfat bacıları və digər şöbə rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib. 

Klinikanın direktoru, professor Surxay Musayev iştirakçıları Nazirlər Kabinetinin təhsillə bağlı 21 sentyabr 2021-ci il tarixli, 275 saylı qərarı ilə tanış edib. Qeyd olunub ki, indiyə qədər COVİD-19 xəstələrinin müalicəsi üçün bağlanmış klinika artıq normal fəaliyyətini bərpa edir. Bu günlərdə dezinfeksiya və cari təmir işləri yekunlaşandan sonra oktyabrın 1-dən etibarən bütün mühazirələr, praktik məşğələlər və xəstə qəbulu klinikada keçiriləcək. Bununla əlaqədar olaraq daxili intizam, xəstələrin və personalın klinikaya giriş-çıxışına nəzarət məsələlərinə də toxunulub.

Professor Surxay Musayev, həmçinin klinikada bir sıra cihazların, o cümlədən rentgen, angioqrafiya, 4D görüntülü exokardioqrafiya, elektrik cərəyanı sıçrayışlarının qarşısını alan UPS-lərin və digər aparatların təmir olunaraq yenidən klinikanın istifadəsinə verildiyini diqqətə çatdırıb.

Sonra klinika rəhbərliyi tərəfindən şöbə müdirlərinə, böyük tibb bacılarına, təsərrüfat bacılarına tədris otaqlarının, palataların hazırlanmasına dair tapşırıq verilib.
Toplantıya bir sıra cari məsələlərin müzakirəsi ilə yekun vurulub.

Xəbər lenti