Bakı Mühəndislik Universitetində (BMU) bu gündən ənənəvi şəkildə start verilən yeni tədris ilinin ilk dərsləri Anım Gününə həsr olunub.
Tehsil.biz xəbər verir ki, ilk dərslərdə Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, bayrağımızı işğaldan azad edilən torpaqlarda dalğalandırmış, ölkənin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərə dərin ehtiram əlaməti olaraq, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı Sərəncamla sentyabrın 27-si tarixinin Azərbaycan Respublikasında Anım Günü elan edildiyi vurğulanıb. Sentyabrın 27-dən noyabrın 10-dək davam etmiş hərbi əməliyyatların Azərbaycan tarixinə Vətən müharibəsi kimi düşdüyü, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda müharibədə əsgər və zabitlərimizin əsl qəhrəmanlıq nümunələri yaratdığı bildirilib.
Dərslərdə Müzəffər Azərbaycan Ordusunun zəfər yürüşünə duruş gətirə bilməyən düşmənin xalqımızın iradəsini sarsıtmaq məqsədilə günahsız mülki insanları hədəfə almasından, müharibə cinayətləri törətməsindən, bütün bunlara baxmayaraq torpaqlarımızın qəhrəman şəhidlərin qanı və canı bahasına işğaldan azad edilməsindən, müharibə dövründə Azərbaycan xalqının birlik və həmrəyliyindən, Ali Baş Komandanın ətrafında dəmir yumruq kimi birləşməsindən ətraflı bəhs olunub. Eyni zamanda, gənc nəslin xalqımızın keçmişdə hansı fəlakətlərlə üz-üzə qalmasının və bu hadisələrin baş vermə səbəblərini daha dərindən öyrənməsinin, 44 günlük Zəfər Tariximizi heç zaman unutmamasının vacibliyi vurğulanıb.
Qeyd edək ki, BMU-da ənənəvi tədris zamanı mövcud pandemiya şərtlərinə tam şəkildə əməl edilir. Universitet ərazisində, həmçinin auditoriyalarda fiziki məsafə gözlənilir, şəxsi gigiyena qaydalarına ciddi nəzarət olunur.