Noyabrın 18-də Türkiyənin Nişantaşı Universitetinin rektoru, professor Şenay Yalçın Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı ilə görüşüb. Görüşdə həmçinin, deputat Məlahət İbrahimqızı, ADNSU-nun Tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov və Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Rafiq Camalov iştirak ediblər.
Görüşdə əvvəlcə Azərbaycan-Türkiyə qardaşlığının əbədi və sarsılmaz olduğu qeyd olunub. Bildirilib ki, Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı və nəticədə işğal altında olan əzəli torpaqlarının düşmən tapdağından azad olunması tarixi ədalətin bərpası, haqqın zəfər çalmasıdır. Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana əsl qardaşlıq nümusə göstərdiyi, hər zaman mənəvi dəstək olduğu diqqətə çatdırılıb.
Elə dünyaca məşhur alim, professor Şenay Yalçının ölkəmizdə, o cümlədən ADNSU-da olmasını da məhz qardaş ölkənin Azərbaycana dəstəyinin növbəti təzahürü kimi də dəyərləndirmək olar. Onlar dəfələrlə ali təhsil müəssisəsi olaraq azərbaycanlı dinc əhalini hədəf alan erməni terrorunu pisləyən bəyanatlar yaymaqla yanaşı, Gəncədə olublar, qərara alıblar ki, burada erməni terrorundan ziyan çəkən ailələrin övladları bundan sonra Nişantaşı Universitetində ödənişsiz təhsil alacaqlar.
Səmimi mühitdə keçirilən görüşdə Türk dünyası universitetlərinin əməkdaşlığının genişləndirilməsi, perspektivləri müzakirə olunub. ADNSU ilə Nişantaşı Universiteti arasında qarşılıqlı təhsil əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Sonda ADNSU ilə Nişantaşı Universiteti arasında Əməkdaşlıq Memorandumu imzalanıb.