Lənkəran Dövlət Universitetində (LDU) bu gündən ənənəvi təhsilə start verilib.Yeni tədris ilinin ilk dərsləri Anım Gününə həsr edilib.
Tehsil.biz xəbər verir ki, bütün fakültələrdə ilk dərslərdə Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, bayrağımızı işğaldan azad edilən torpaqlarda dalğalandırmış, ölkənin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş şəhidlərdən, Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazandığı döyüş uğurlarından söz açılıb.
Ölkə başçısının 2020-ci il dekabrın 2-də imzaladığı Sərəncamla sentyabrın 27-si tarixinin Azərbaycan Respublikasında Anım Günü elan edildiyi , 44 gün davam edən hərbi əməliyyatların Azərbaycan tarixinə Vətən müharibəsi, İkinci Qarabağ savaşı, “Dəmir yumruq” əməliyyatı kimi düşdüyü, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda müharibədə əsgər və zabitlərimizin əsl qəhrəmanlıq nümunələri göstərdiyi barədə tələbələrə ətraflı məlumat verilib, LDU-nun şəhid tələbə və məzunlarının xatirəsi ehtiramla anılıb.
Qeyd edək ki, LDU-da ənənəvi tədris zamanı mövcud pandemiya şərtlərinə tam şəkildə əməl edilir. COVİD-19 pandemiyasına görə vaksinasiya olunmuş müəllim və tələbələr yoxlanışdan sonra universitetə buraxılır.
Universitet ərazisində, həmçinin auditoriyalarda fiziki məsafə gözlənilir, şəxsi gigiyena qaydalarına nəzarət olunur.