Logo

Azərbaycan Dövlət Pedaqoji Universiteti 100 illik yubileyini keçirməyə hazırlaşır

19.11.2020 14:15 1227 baxış
IMG

Azərbaycanda pedaqoji və elmi-pedaqoji kadr hazırlığında müstəsna xidmətləri olan Azərbaycan Dövlət Pedaqoji Universiteti 100 illik yubileyini keçirməyə hazırlaşır. Silsilə yubiley tədbirlərinin sırasında universitetin bir əsrlik tarixinin sistemli şəkildə yenidən araşdırılması, tədqiq və təbliğ olunması xüsusi yer tutur. Son vaxtlar bu sahədə ADPU-nun rek-toru, tarix elmləri doktoru, professor Cəfər Cəfərovun rəhbərliyi ilə xeyli uğurlu layihələr icra olunmuşdur. Ali Pedaqoji İnstitutun rektorları ilə bağlı “Azərbaycan Dövlət Pedaqoji Universitetin rektorları” (2019), ilk məzunlarına aid “Ali Pedaqoji İnstitutun salnaməsi” (2020) və 5 illik yubileyinə həsr olumuş “Azərbaycan Ali Pedaqoji İnstitutu.Beş illik ”(2020) kitablarının nəşri bu qəbildəndir. Hər üç nəşrin layihə rəhbəri və elmi məsləhətçisi professor Cəfər Cəfərov, tərtibçi – müəllifi isə ADPU-nun İbtidai təhsil fakültəsinin dekanı, Əməkdar elm xadimi, pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmovdur.

 

Bu günlərdə nəşr olunan “Azərbaycan Ali Pedaqoji İnstitutu. Beş illik”(2020) kitabına professor Fərrux Rüstəmov irihəcmi (37 səhifə) “Ön söz” (“Ali Pedaqoji İnstitutun ilk yubileyi və ya 5 illik tarixin salnaməsi”) yazmış, Pedaqoji İnstitutun 5 illik tarixinin salnaməsini fakt və rəqəmlərin dili ilə zaman və məkan kontekstində təqdim etmişdir. İnstitutun 5 illik yubeliyinə həsr olunmuş həmin materiallar 1926-cı ildə Azərbaycam Dövlət Xalq Maarif Nəşriyyatı tərəfindən əski əlifba ilə nəşr olunmuşdur. İndiyə kimi bu məxəzlərdən nəinki bakalavriatlar, magistrantlar, hətta bu sahədə tədqiqat aparanlar səmərəli istifadə edə bilmirdilər.

 

Məcmuənin “Ali Pedaqoji İnstitutu tarixçəsi” adlı ilk bölməsində Ali Pedaqoji İnstitutun di-rektoru Cəlil Məmmədzadənin “Beş yıl” adlı məqaləsində institutun təşkili və inkişafının ilk beş ili ilə bağlı xeyli fakt və rəqəmlər təhlil olunur. Müəllif həmin məqaləsini həm də redaktoru ol-duğu “Mədəniyyət və maarif” jurnalının 1926 -cı ilin 5-6 sayında da nəşr etdirmişdir.

 

Məcmuənin “Tədris və tərbiyə işləri” bölməsində Tarix-ədəbiyyat şöbəsinin dekanı İsmayıl Hikmətin “Tarix-ədəbiyyat şöbəsi”, Təbiyyat-aqronomiya şöbəsinin dekanı Səlimə Osmanzadə-nin “Təbiyyat- aqronomi şöbəsi”, Fizika-riyaziyyat şöbəsinin dekanı Məmməd Əfəndizadənin “Fizik-riyaziyyat şöbəsi”, Tarix-ictimaiyyat şöbəsinin dekanı Əziz Ubaydullinin “Tarix-ictimaiy-yat şöbəsi”, Ali Pedaqoji Qadın İnstitunun direktoru Sara xanım Xuramoviçin “Azərbaycan Ünas Pedaqoji İnstitutu və onun gələcəyi”, Ali Pedaqoji İnstitutun nəzdindəki Şaiq adına Pedaqoji texnikumunun müdiri Qafur Əfəndizadənin “Şaiq adına Pedaqoji Texnikum” məqalələri verilmişdir.

 

Məcmuənin “İdarə və təşkilat işləri” bölməsində Həbib bəy Mahmudbəylinin “İnstitutun tə-sərrüfatı barəsində”, Məhiəddin Həmzəzadənin “Ali Pedaqoji İnstitutun tələbə icraiyyə bürosu”, S.Ramazanovun “İnstitutun firqə özəyi”, Rəhimə Səlimin “Ünas Pedaqoji İnstitutunda firqə həyatı”, A.Əsgərzadənin “LKGİ özəyi” məqalələri öz əksini tapıb.

 

1924-cü ildə nəşr edilən “Ali Pedaqoji İnstitutun salnaməsi”ndə olduğu kimi bu məcmuənin də son bölməsi “Xatirələr və duyğular” adlanır.

 

Burada pedaqogika müəllim Xəlil Fikrətin “ Yeni müəllim arqadaşlarıma tövsiyələr”, Bəkir Çobanzadənin “Lisaniyyat- ədəbiyyat şöbəsi”ndə, Abdulla Şaiqin “Üçüncü nur qafiləsi”, İ.Nov-ruzinin “Üçüncü məzunlar münasibəti ilə”, M.İbrahiminin “Türk ədəbiyyatı ilə fars ədəbiyya-tının rabitəsi”, A.Sərdarlının “Şura müəllimləri” xatirə yazıları verilmişdir.

 

Məcmuənin sonunda 1921-1926-cı ilə aid 36 şəkil, yubiley ilinin 55 məzununun siyahısı, 250-dən artıq mənası çətin anlaşılan söz və ifadələrin izahı və şərhi verilmiş, mətnin daha aydın başa düşülməsi üçün zəruri məlumatlar yerləşdirilmişdir.

 

Prof.Fərrux Rüstəmovun gərgin zəhmət hesabına ərsəyə gətirdiyi bu kitabla tanışlıqdan sonra bir daha yəqin edirsən ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin təməl daşını qoyan-lar beş il müddətində ali təhsilli müəllim kadrları hazırlığında möhtəşəm işlər görüblər, tarix ya-ratmaqla və həm də onun tarixini yazmaqla bizə “Ali Pedaqoji İnstitut. Beş yıllıq” adı dəyərli miras qoyublar.

Xəbər lenti