Logo

SDU-nun əməkdaşı ADA Universiteti və ABŞ-ın Azərbaycandakı Səfirliyinin həyata keçirdiyi layihədə sertifikata layiq görüldü

29.09.2021 14:52 351 baxış
IMG

Sentyabrın 24-də ADA Universitetində “Building and Enhancing Research Capacity Network in Azerbaijan” (Tədqiqat bacarıqları şəbəkəsinin inkişaf etdirilməsi) layihəsinin qaliblərinə sertifikatların təqdimolunma mərasimi baş tutmuşdur.

Fevral ayından öz işinə başlayan layihə ABŞ-ın Azərbaycandakı Səfirliyinin Təhsil sahəsində ayırdığı maliyyə əsasında ADA universitetinin professor-müəllim heyətinin mentorluğu ilə keçirilmişdir. Layihənin əsas məqsədi Azərbaycan tədqiqatçılarına elmi-tədqiqat sahəsində yeni bilik və bacarıqların mənimsənilməsi və inkişaf etdirilməsi sahəsində nəzəri məlumatların çatdırılması, o cümlədən, öz araşdırmalarının nəticələrini yüksək indeksli jurnallarda dərc olunmasında dəstəyin göstərilməsi idi.

Layihə 3 istiqamətdə: tədqiqat metodları, akademik yazı və statistik analiz mövzusunda təlimlər keçirməyi öz üzərinə götürmüşdü. Təlimlər ingilis dilində və Blackboard Learning System mobil platforması üzərindən həyata keçirilmişdi.

Ali təhsil müəssisələrinin mütəxəssisləri, müstəqil tədqiqatçılar və beyin mərkəzləri nümayəndələri, geniş spektrlı sosial elmlər istiqamətləri üzrə (siyasi elmlər, sosiologiya, psixologiya, hüquq, gender problemləri) tədqiqat işlərini çoxpilləli seçim turundan keçərək, ADA universitetinin və ABŞ Universitetlərindən qonaq qismində qatılan aparıcı professorların nəzarəti altında başa çatdırmışdılar.

Layihədə Sumqayıt Dövlət Universitetindən Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin müdiri Sədaqət Fətullayeva “Mədəniyyətlərarası dialoq və onun etik dəyərlərə təsiri” mövzusunda elmi məqaləsi ilə iştirak etmiş və onun işi ekspertlər tərəfindən 95 balla qiymətləndirilərək sertifikata layiq görülmüşdür.

Bu münasibətlə S.Fətullayevanı təbrik edir və uğurlar arzulayırıq

Xəbər lenti