Bakı Dövlət Universiteti (BDU) və İzmir Yüksək Texnologiya İnstitutu arasında əməkdaşlıq müqaviləsinin imzalanması mərasimi keçirilib.
Tehsil.biz xəbər verir ki, imzalanma mərasimində BDU-nun rektoru Elçin Babayev, İzmir Yüksək Texnologiya İnstitutunun rektoru Yusuf Baran, elm və innovasiyalar üzrə prorektor Hüseyn Məmmədov və rektorun strateji inkişaf və əlaqələr üzrə müşaviri Əli Nağıyev iştirak ediblər.
Görüşdə BDU-nun rektoru Elçin Babayev Universitetin fəaliyyəti, mövcud təhsil və tədris prosesi haqqında ətraflı məlumat verib. O, qardaş Türkiyə Universitetləri ilə BDU arasında təhsil-elm-innovasiya istiqamətindəki geniş və qarşılıqlı faydalı əlaqələrə diqqət çəkib. BDU-da tələbələrin bilik və bacarıqlarını artırması üçün hər cür şərait yaradıldığını qeyd edən rektor ümumiyyətlə, ölkəmizdə son illər elm-təhsil-innovasiya istiqamətində görülən işlərdən, nailiyyətlərdən də söz açıb.
Görüş zamanı universitetlər arasında beynəlxalq əməkdaşlığın genişləndirilməsi məqsədilə yeni əlaqələrin qurulması, təhsil və tədqiqat sahəsində hər iki universitet arasında əlaqələrin qurulması haqqında fikir mübadiləsi aparılıb.
İzmir Yüksək Texnologiya İnstitutunun rektoru Yusuf Baran ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün səy göstərəcəklərini, universitetdə təhsil alan azərbaycanlı tələbələrin sayının artması, tələbələrin, akademik və inzibati heyetin mübadiləsində, eyni zamanda birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsində maraqlı olduqlarını vurğulayıb.
İmzalanan Əməkdaşlıq Müqavilənin mǝqsǝdi tərəflər arasında elm, tǝhsil, mǝdǝniyyǝt sahǝlǝrində müştərək layihələrin icra edilməsi, akademik, elmi və mədəni mübadilə imkanlarının inkişafı, elmi-tədqiqat işlərində əməkdaşlıq, təhsilin bütün sǝviyyǝlərindǝ kadrların mübadiləsinin həyata keçirilməsi, adıçəkilən sahələrdə və qarşılıqlı maraq doğuran digər sahələrdə müxtəlif tədbirlərin, o cümlədən konfransların, sərgilərin, seminarların, simpoziumların, təlimlərin birgə təşkili və keçirilməsindən ibarətdir.
Qeyd edək ki, 1992-ci ildə əsası qoyulmuş İzmir Texniki Universitetində tədris ingilis dilindədir. Üç fakültə - Fənn, Mühəndislik, Memarlıq və bir institutdan - Lisanüstü Eğitim ibarət olan universitetdə 18 bakalavr, 27 magistr və 19 doktorantura proqramları kadr hazırlığı həyata keçirilir. Ali məktəbdə 6343 tələbə təhsil alır.
Sonda universitetlərarası əməkdaşlığa dair müqavilə imzalanıb.