Logo

ATU-nun beynəlxalq əlaqələri genişlənir

30.09.2021 11:09 378 baxış
IMG

Qırğızıstan-Türkiyə Manas Universiteti ilə yeni müqavilə imzalanıb

Qırğızıstan-Türkiyə Manas Universitetinin nümayəndə heyəti Azərbaycan Tibb Universitetinin qonağı olub.

Tehsil.biz xəbər verir ki, ATU-nun rektoru, professor Gəray Gəraybəyli nümayəndə heyəti ilə görüşdə universitet haqda geniş məlumat verib. 

Rektor qeyd edib ki, Tibb Universiteti öz fəaliyyətində xarici ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin qurulmasına böyük önəm verir: “Xüsusilə qardaş Türkiyənin universitetləri ilə son illərdə yaxşı əlaqələrimiz formalaşıb. Hazırda 30-dan çox universitetlə müqaviləmiz qüvvədədir. Bildiyiniz kimi, ATU hərtərəfli tibb təhsili verir. Böyük tarixi olan universitetimizin 6 fakültəsi var: tibb, stomatologiya, əczaçılıq, ictimai səhiyyə və hərbi tibb. O cümlədən ATU-nun 4 müasir klinikası fəaliyyət göstərir”. 

Professor G.Gəraybəyli bildirib ki, ötən il universitetimizin 90 illiyi qeyd olunub: “Universitetdə tədris yönümlü yeniliklər aparılır, proqramlar müasirləşdirilir, ikili diplom məsələsi üzərində iş davam edir. Xüsusi qeyd etmək istəyirəm ki, bizim universitet xarici tələbə sayına görə Azərbaycanda birinci yerdədir, 2000-dən artıq əcnəbi tələbəmiz var”.

Manas Universitetinin Türkiyə üzrə rektoru, professor Alpaslan Ceylan rəhbəri olduğu təhsil müəssisəsi haqda məlumat verib: “Biz Türkiyə və Qırğızıstanın ortaq universitetiyik. Buranı bitirən tələbələr hər iki ölkədə diplom alır. Və hər iki diplom digər diplomlar qədər tanınır. Yəni bizim sənədimiz digər Türkiyə universitetlərinin diplomları ilə eyni statusdadır. Dərslər isə həm Qırğızıstan, həm də Türkiyədən olan müəllimlər tərəfindən aparılır”. 

Qeyd edək ki, indiyədək ATU ilə Qırğızıstan-Türkiyə Manas Universiteti arasında əsasən humanitar və elmi sahələri əhatə edən əməkdaşlıq müqaviləsi olub. Lakin onun müddəti başa çatdığı üçün görüşdə yenilənib. 

Bu haqda danışan Manas Universitetinin Qırğızıstan üzrə rektoru, professor Asılbek Kulmırzayev hazırki müqavilənin daha işlək olacağına əminliyini bildirib. Çünki gələn ildən etibarən universitetin tibb fakültəsi fəaliyyət göstərəcək və bununla da fakültələrin sayı 12-ə çatacaq: “İnanıram ki, biz tezliklə müəllim, həkim, eləcə də tələbə mübadiləsinə başlaya biləcəyik”. 

Görüşdə Qırğızıstan-Türkiyə Manas Universitetinin baş katibi, dosent Oktay Özgül, ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov, Mətbuat xidmətinin rəhbəri Günel Aslanova iştirak edirdilər.

Xəbər lenti