Logo

Azərbaycanda "imam bumu"na nə səbəb oldu? - AÇIQLAMA

30.09.2021 14:11 563 baxış
IMG

Bir neçə həftə bundan öncə, özünü 12-ci İmam Mehdi kimi təqdim edən Aqil Babayev külli miqdarda dələduzluq etmiş, insanları müəyyən vədlərlə aldatmışdı. İndi isə, Azərbaycan Milli Elmlər Akademiyasının işçisi olan xanıma 13-cü imam olduğunu "təsdiqləyən” "sertifikat”ın verilməsi müzakirə obyektinə çevrilib. Məlumata görə, "sertifikat”ın verilməsi üçün AMEA işçisindən müəyyən miqdarda pul da alıblar.

Təəssüf ki, 21-ci əsr olmasına baxmayaraq, insanlar hələ də bu cür vədlərə inanır, aldanırlar. Bunun səbəbi nədir?

Mövzu ilə bağlı Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin üzvü, deputat Ceyhun Məmmədov Sfera.az-a açıqlamasında qeyd edib ki, insanların din haqqında kifayət qədər bilgilərinin olmaması bu prosesə öz təsirini göstərir:

"Yəni insanlar dinin əsasları, ehkamları, prinsipləri barədə dolğun məlumata sahib olmadıqları üçün bir sıra hallarda bu kimi dələduzluqların qurbanları olurlar. Hazırkı mərhələdə ən vacib işlərdən biri maarifləndirmə prosesinin sürətləndirilməsi və gücləndirilməsidir. Ölkəmizdə bu istiqamətdə daha çox geniş təbliğat aparmalı, insanlara dolğun məlumat verməliyik ki, onlar belə yanlış təsirlərin altına düşməsinlər”.

Müsahib qeyd edib ki, insanlar dinin əsas ehkamlarını öyrənməyə, onlara inanmağa çalışmalıdırlar:

"Yalnız və yalnız doğru biliklərin arxasınca getməli və bu kimi təsirlərdən, insanların saxta və yalan təbliğatından özlərini qorumalıdırlar. Düşünürəm ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi həm məscidlərdə, həm də müxtəlif yerlərdə maarifləndirmə, təbliğat işinin gücləndirməlidir. Kütləvi informasiya vasitələri də bu istiqamətdə müəyyən addımlar atmalıdırlar ki, insanlar aldanmasınlar”.

Xəbər lenti