Son illərdə dünyanın nüfuzlu elm və təhsil müəssisələri ilə sıx əlaqələr quran, nüfuzlu ali təhsil müəssisələri ilə ikili diplom proqramlarını həyata keçirən Bakı Dövlət Universiteti (BDU) beynəlxalq əlaqələrini genişləndirir.
Tehsil.biz xəbər verir ki, hazırda beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi Universitetinin inkişaf startegiyasında prioritet istiqamətlərdən hesab olunur. BDU ilə Qırğızıstan-Türkiyə Manas Universiteti arasında imzlanan əməkdaşlıq müqaviləsi də bu istiqamətdə atılan növbəti addım kimi universitetlər arasında akademik, elmi və mədəni mübadilə imkanlarının inkişafını, elmi-tədqiqat işlərində əməkdaşlığı nəzərdə tutur.
İmzalanma mərasimində BDU-nun rektoru Elçin Babayev, Qırğızıstan-Türkiyə Manas Universitetinin rektoru Alpaslan Ceylan və Universitetin Qırğızıstandan olan rektoru Asılbəy Qulmirzəyev, baş katib Oktay Özgül iştirak ediblər.
Müqavilənin məqsədi birgə konfransların, seminarların, simpoziumların keçirilməsi, elmi jurnallarda birgə məqalələrin çap edilməsi, ortaq tədqiqat layihələrin işlənməsi, müştərək mədəni proqramların təşkili, akademik və inzibati kadrların, tələbə, magistrant, doktorant və tədqiqatçıların mübadiləsini təmin etməkdir.
Əməkdaşlıq müqaviləsini BDU-nun rektoru Elçin Babayev və Qırğızıstan-Türkiyə Manas Universitetinin rektoru Alpaslan Ceylan və Universitetin Qırğızıstandan olan rektoru Asılbəy Qulmirzəyev imzalayıb.
Məlumat üçün bildirək ki, Qırğızıstan-Türkiyə Manas Universitetinin əsası 1995-ci ildə qoyulub. Universitetin verdiyi diplom Türkiyə və Qırğızıstanda rəsmi şəkildə tanınır. Universitetdə 5950 tələbə 11 fakültə - Humanitar emlər, İqtisadiyyat və idarəetmə, İlahiyyat, Kommunikasiya, Mühəndislik, Baytarlıq, Kənd təsərrüfatı, İncəsənət və 4 məktəbdə - Bədən tərbiyəsi və idman, Turizm və otelçilik, Xarici dillər, Peşə təhsili məktəblərində təhsil alır. Universitetdə 374 nəfərlik akademik heyət, 298 nəfərlik inzibati heyət çalışır. Universitet reytinqinə görə Qırğızıstanda ikinci, Mərkəzi Asiyada isə 15-ci yerdə qərarlaşıb.