Logo

Naxçıvan Dövlət Universiteti I kurs tələbələriylə görüş keçirilib

01.10.2021 15:06 396 baxış
IMG

Universitetin Tibb fakültəsində keçirilən tədbirdə çıxış edən fakültənin dekanı, biologiya üzrə fəlsəfə doktoru, dosent Elsevər Əsədov tələbə adı qazanan hər bir gənci təbrik edib, fakültədə yaradılan müasir şəraitdən danışıb.

Qeyd edilib ki, Tibb fakültəsində müasir avadanlıqlarla zəngin laboratoriyaların mövcudluğu burada keçirilən nəzəri biliklərin təcrübi cəhətdən mənimsənilməsində mühüm rola malikdir. Yeni yaradılan “Hərbi tibb” ixtisasına tələbə qəbulundan danışan Elsevər Əsədov bunu muxtar respublikada hərbi tibb işçilərinin hazırlanmasında atılan önəmli addım adlandırıb.  

Tarix-filologiya fakültəsində keçirilən görüşdə fakültə dekanı,  tarix üzrə fəlsəfə doktoru, dosent Rəsul Bağırov tələbələri universitetin nizam-intizam qaydalarına riayət edərək, ali təhsil ocağının mövcud şəraitindən istifadə etməyə çağırıb. Bildirilib ki, muxtar respublikada təhsilə göstərilən yüksək dövlət qayğısının nəticəsində universitetin maddi-texniki bazası hər il gücləndirilir, yeni tədris korpusları istifadəyə verilir və ali təhsil ocağının beynəlxalq əlaqələri genişləndirilir. 

Xarici dillər fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Şirməmməd Qulubəyli keçirilən tədbirdə çıxış edərək qeyd edib ki, fakültədə İngilis, Fransız, Alman, Rus, Ərəb və Fars dillərində tədris aparılır. Vurğulanıb ki, fakültənin müasir tələblərə cavab verən maddi-texniki bazası mövcuddur. Belə ki, burada 9 mərkəz fəaliyyət göstərir ki, bu mərkəzlərdə tələbələrlə  dərsdən kənar məşğələlər, diskussiyalar, tədbirlər keçirilir. 

Beynəlxalq münasibətlər və hüquq fakültəsinin dekanı, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Yusif  Hüseynov qeyd edib ki, universitetdə beynəlxalq əlaqələrinin genişləndirilməsi sahəsində əhəmiyyətli işlər görülüb, dünyanın qabaqcıl təhsil müəssisələri ilə əlaqələrin qurulması və möhkəmləndirilməsi, müəllim və tələbə mobilliyinin təşkil olunması sahəsində mühüm addımlar atılıb. Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin 2020-ci il dekabrın 14-də “Naxçıvan Dövlət Universitetində Texnologiyalar Parkının yaradılması haqqında” imzaladığı Sərəncama əsasən  Türkiyə universitetləri ilə texnopark sahəsində təcrübələrin öyrənilməsi davam etdirilir və əməkdaşlıq protokolları imzalanır. Universitetdə ikili diplom layihələrinin həyata keçirilməsi yeni tədris ilində diqqətə olan məsələlər sırasında qeyd edilib.    

Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsində keçirilən görüşdə fakültənin  dekanı, pedoqogika üzrə fəlsəfə doktoru, dosent Bəhruz Məmmədov fakültədəki ixtisaslar, semestr imtahanları, tələbə-müəllim mobilliyi, laboratoriyalar, kabinələr, muzeylər haqqında ətraflı məlumat verib və tələbələrə uğurlar arzulayıb. Bu il fakültədə yeni yaradılan “Yer quruluşu və daşınmaz əmlakın kadastrı” ixtisasına tələbə qəbulu haqda məlumat verilib. 

Pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vəli Əliyev müasir standartlara cavab verən fakültə binasında yaradılan tədris şəraitindən danışaraq vurğulayıb ki,  2021-2022-ci tədris ilində fakültədə yeni yaradılan “Psixologiya” ixtisası üzrə tədris həyata keçiriləcək və bu sahə üzrə də mütəxəssislərin hazırlığı təmin ediləcək. 

İqtisad üzrə fəlsəfə dotoru, dosent Əşrəf Ələkbərov qeyd edib ki, universitetdə ötən tədris ilində  ilk dəfə olaraq, tədrisi ingilis dilində olan “İqtisadiyyat” ixtisası üzrə bakalvr səviyyəsində uğurlu tədris aparılıb. 

Memarlıq və mühəndislik fakültəsinin dekanı, professor Cavanşir Zeynalov diqqətə çatdırıb ki, fakültənin mövcud kadr potensialı, maddi-texniki bazasının verdiyi imkanlar bu sahədə uğurlu kadr hazırlığının tam mümkünlüyünü təmin edib.

Qeyd edilib ki, yeni yaradılan “Kompüter mühəndisliyi”, “Elektrik və elektronika mühəndisliyi” ixtisasları da bu sahədə mütəxəssislərin yetişməsi istiqamətində atılan mühüm addımdır. 

Magistratura mərkəzinin direktoru, biologiya üzrə elmlər doktoru, professor Etibar Məmmədov bildirib ki, magistratura təhsil pilləsində təhsilini davam etdirəcək magistrantlar üçün yüksək səviyyəli, hərtəfəli biliklərə yiyələnmək üçün hər cür şərait yaradılıb. Diqqətə çatdırılıb ki, yeni tədris ili üçün magistratura səviyyəsi istiqamətində  isə 95 faiz qəbul planı təsdiq olunub. 

Xəbər lenti