Bakı Mühəndislik Universitetinin (BMU) Tədris işləri üzrə prorektoru, professor Həmzağa Orucov, Tərbiyə işləri üzrə prorektoru, dosent Bayram Hüseynzadə və universitetin Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin baş mütəxəssisi Nərmin Ələkbərova “Azərbaycanda Rektorlar Konfransı” (ECAR) yaradılması layihəsi çərçivəsində keçirilən görüşdə iştirak edib. Görüş zamanı prorektorlarla müsahibə də gerçəkləşdirilib.
Tehsil.biz xəbər verir ki, BMU-nun tərəfdaş olduğu layihənin əsas məqsədi universitetlər və digər tərəfdaşlar arasında sıx əməkdaşlığın qurulmasına, inkişaf etdirilməsinə nail olmaqdır. ECAR təhsilin beynəlmilliləşməsinə, rəqəmsal və innovativ iqtisadiyyatda ali təhsil müəssisələrinin rolunun artırılmasına, eyni zamanda, universitetlərin beynəlxalq aləmdə təmsil olunmasına zəmin yaradılmasına, onların rəqabət qabiliyyətinin yüksəldilməsinə əsaslı dəstək verməyi hədəfləyib.
Layihə çərçivəsində universitet rəhbərləri, akademik heyət, tələbələr, məzunlar, əmək bazarı nümayəndələri arasında geniş tədqiqat aparılıb və bu tədqiqat nəticəsində ali təhsil müəssisələri arasında olan münasibətlər, təhsildə yaranan problemlər və digər məsələlər müəyyənləşdirilib.
2021-2024-cü illəri əhatə edən ECAR layihəsi Avropa Birliyi tərəfindən maliyyələşdirilən Erasmus+ KA2- potensialın artırılması layihəsidir. Sozügedən layihənin koordinatoru Bakı Biznes Universitetidir.
Qeyd edək ki, 4 oktyabr 2021-ci il tarixində isə layihədə iştirak edən ali məktəblərin rektorları ilə müsahibə planlaşdırılır. Tədqiqat tam yekunlaşdıqdan sonra hesabat və məqalə dərc olunacaq.