Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Ali Məktəbə yeni qəbul olunan tələbələrlə görüş keçirib.
Rektor Ali Məktəbə daxil olmuş və “Foundation”da təhsil alan tələbələri “BANM-in tələbəsi” adını qazanmaları münasibətilə təbrik edib və bildirib ki, BANM-i seçməklə gələcəkləri üçün ilk düzgün qərarı qəbul ediblər.
Tələbələrin hər biri ilə yaxından tanış olan rektor onlara Ali Məktəbin uğurları, göstəriciləri, təlim-tədris prosesi, “Foundation” ilinin tədris proqramı- İngilis dili və İnformasiya-kommunikasiya texnologiyaları haqqında məlumat verib.
Elmar Qasımov qeyd edib ki, Bakı Ali Neft Məktəbi cəmi 10 ildir yaranmasına baxmayaraq, böyük uğurlar qazanıb, ölkə daxilində nüfuzlu ali məktəbə çevrilib:
“Qürurverici haldır ki, Ali Məktəbimizin uğurları günbəgün artır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin ali məktəblərə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncamına əsasən 102 tələbə Prezident təqaüdünə layiq görülüb. Onlardan 33 nəfəri BANM-in tələbəsidir. Bu, Azərbaycan təhsil tarixində ən yüksək göstəricidir. Bundan əvvəl heç bir ali məktəbdə bu sayda Prezident təqaüdçüləri olmayıb. BANM I ixtisas qrupu üzrə qəbul imtahanlarında Prezident təqaüdçülərinin sayına görə lider olub. Bu il isə ilk dəfə Ali Məktəbə II ixtisas qrupu üzrə də qəbul keçirilib və bu qrup üzrə 11 nəfər Prezident təqaüdünə layiq görülüb. Həm də hər iki qrup üzrə ən yüksək bal toplayanların seçimi BANM olub. Bu isə bizim Ali Məktəbə inamı, etimadı göstərir”.
Görüş zamanı rektor tələbələrə tövsiyələrini verib, onlara dərslərində, tələbəlik həyatında uğurlar arzulayıb.