Biləsuvar texniki fənlər təmayüllü internat tipli məktəb-liseydə Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə 5-ci qrant müsabiqəsi”nin qalib olmuş “Müəllimlərin peşəkar inkişafının artırılması ilə istedadlı şagirdlərin fənn olimpiadalarına hazırlaşdırılması” layihəsinin icrasının növbəti mərhələsinə - təlimlərə başlanılıb.
Layihənin rəhbəri Mehman Əliyevin AZƏRTAC-ın bölgə müxbirinə verdiyi məlumata görə, layihənin məqsədi məktəb üzrə müəllimlərin peşəkar inkişafının artırılması ilə istedadlı şagirdlərin fənn olimpiadalarına hazırlaşdırılması üçün hazırlıq qruplarının təşkilidir.
Təlim məşğələlərindən əvvəl müəyyən olunmuş kriteriyalar üzrə Azərbaycan dili və ədəbiyyat, riyaziyyat fənləri üzrə 2 müəllim, fizika, kimya, biologiya, coğrafiya, tarix və informatika fənlərindən isə 1 müəllim olmaqla yekunda 10 nəfər müəllim seçilib.
Təlimlər layihəyə cəlb olunmuş ekspert və təlimçilərin Təhsil İnstitutunun istedadlı uşaqlarla iş şöbəsi ilə əməkdaşlığı çərçivəsində təşkil olunub. Bu cür əməkdaşlıq layihənin həm gedişatına, həm də təlimlərin təşkilinə öz müsbət təsirini göstərəcək.
Təlim məşğələlərinin mövzularına fənn üzrə olimpiada suallarının (açıq və qapalı) hazırlanması metodu, müəllimlərin olimpiada mövzuları üzrə araşdırma bacarıqlarının inkişafı, şagirdlərdə fənn üzrə mövzulara uyğun yazı bacarıqlarının formalaşdırılması və distant təhsilin təşkili ilə bağlı bacarıqların inkişaf etdirilməsi aiddir.
Layihənin növbəti mərhələsində olimpiada dərslərinin təşkili üçün 8-11 siniflər üzrə diaqnostik imtahan təşkil olunacaq. Bu imtahan məktəbin müvafiq sinifləri üzrə istedadlı uşaqların üzə çıxarılmasına yardım edəcək. Daha sonra olimpiada dərslərinin təşkili 3 ay ərzində məktəbin seçilmiş və təlimatlandırılmış müəllimləri tərəfindən aparılacaq. Üç ay müddətində 8 fənn üzrə ümumilikdə 10 müəllim 2 yaş qrupu üçün (64 nəfər) dərslər təşkil edəcək.
Layihənin icrası dekabrın 15-dəkdir.