Logo

Kollecdən 67 müəllimin işdən çıxarılması məsələsinə REAKSİYA

02.10.2021 10:57 1470 baxış
IMG

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdindəki Humanitar Kollec 67 müəllimin işdən çıxarılması ilə bağlı yayılan məsələyə münasibət bildirib.

Tehsil.biz-in məlumatına görə, Humanitar Kollecin tədris işləri üzrə direktor müavini Kamran Məsimov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, təhsil müəssisəsində 67 müəllimin işdən çıxarılması ilə bağlı məlumat həqiqəti əks etdirmir:

“Humanitar Kollec 2021-ci ildə publik hüquqi şəxs kimi qeydiyyatdan keçib və sözügedən təhsil müəssisəsində bununla bağlı bir sıra təşkilati dəyişikliklər həyata keçirilməkdədir.

Bu dəyişikliklər nəticəsində kollecin işinin daha səmərəli və optimal qaydada təşkili məqsədilə bir sıra struktur bölmələri yenidən təşkil olunur və bu bölmələrdə çalışan müəllimlərə dərs saatları təklif edilir.

Qeyd edək ki, bundan əvvəl cəmi 1 400 tələbəsi olan təhsil müəssisəsində dərs deyən müəllimlərin sayı 320 nəfər təşkil etmişdir ki, bu da orta ixtisas təhsil müəssisələrinin müvafiq nümunəvi ştat cədvəllərində nəzərdə tutulmuş saya uyğun deyil. Müəyyən edilib ki, Humanitar Kollecin müəllimləri arasında bəzi müəllimlər orta ixtisas müəllimlərdir ki, bu da qanunvericiliyin tələblərinə ziddir”.

“Hazırda struktur dəyişiklərin həyata keçirilməsi istiqamətində görülən işlər davam etdirilir”, - deyə o qeyd edib.

Xatırladaq ki, bir müddət əvvəl kollecin direktoru Nərmin Qaralova tələbəni təhqir etməsi ilə mətbuatın gündəminə gəlmişdi. Tələbəni “şamtutan” adlandıran direktor onlayn imtahan zamanı işlətdiyi ifadəyə görə tələbələrdən üzr istəmişdi və onunla bağlı inzibati tənbeh tədbiri görülmüşdü.

Xəbər lenti