Bakı Ali Neft Məktəbində (BANM) “Sosial medianın cəmiyyətə təsiri” mövzusunda vebinar təşkil edilib.
Tehsil.biz xəbər verir ki, Rektor Elmar Qasımovun iştirakı ilə keçirilən vebinara Ali Məktəbin professor-müəllim heyəti, tələbələr və adminstrativ heyət qatılıb.
Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşlarının moderator və məruzəçi kimi çıxış etdiyi vebinarın qonağı sosial media üzrə mütəxəssis Orxan Rzayev olub.
Vebinarda rəqəmsallaşma, yeni trendlər və sosial medianın rolu, onun cəmiyyətə, gündəlik həyatımıza təsiri, effektiv kommunikasiya vasitəsi kimi istifadə olunması, ictimaiyyətlə əlaqələrin qurulmasında sosial medianın əhəmiyyəti barədə təqdimatlar edilib. Həmçinin sosial media platformalarından hədəf auditoriyasına doğru istifadə barədə də müzakirələr aparılıb.
Ali Məktəbin müəllim və tələbə heyətinin sosial medianın üstünlüklərindən faydalanması, uğurların paylaşılması, ingilisdilli tələbələrin Azərbaycan həqiqətlərinin çatdırılmasında aktiv iştirakı da əsas müzakirə mövzularından olub.
Qarşılıqlı fikir mübadiləsi və sual-cavab formatında keçirilən vebinarı rektor Elmar Qasımov fikir və tövsiyələri ilə yekunlaşdırıb.