Hörmətli professor-müəllim heyəti, dəyərli əməkdaşlar, həmkar yoldaşlarım və əziz tələbələr!
Sizlərin hər birini, qəhrəman xalqın qəhrəman müəllimi adını daşıyanları qələbə ətirli 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə səmimqəlbdən təbrik edirəm.
Biz bilirik ki, təhsil inkişafın ön cəbhəsidir. Bu inkişafda pay sahibi olmaq isə biz müəllimlərin ən böyük arzusudur.
Ulu öndər Heydər Əliyev iftixarla söyləmişdir ki, dünyada müəllim adından uca ad tanımıram.
Bəli, müəllim adı elə bir addır ki, hər zaman böyük hörmət və yüksək ehtiramla çəkilir. Bu şərəfli peşənin öhdəsindən birlikdə çox fədakarca gəldiyinizi də görürəm. Sizinlə birlikdə filialın elmi potensialı da inkişaf edir. Ümid etdiyimiz kimi doğma universitetimizin adını artıq beynəlxalq müstəvidə, layihələrdə, konfranslarda çəkilməsinə birlikdə nail olduq.
Bu gün Vətən uğrunda döyüşən əsgərlərimizin vətənpərvər yetişməsində, onlara milli ruhun aşılanmasında da siz müəllimlərin əməyi danılmazdır. Siz sadəcə övladlarımızı öyrətmirsiniz, həm də Vətən üçün layiqli vətəndaş, əsgər yetişdirirsiniz. Sizlər həm də Vətən müharibəsində də qələmi silaha dəyişən, Vətənin haqlı müdafiəsinə qalxan böyük ürəkli vətənpərvərlərsiniz.Bu gün bizlərlə bir kollektivdə çalışan İsmət Əhmədov kimi qazi, qəhrəman müəllimlərimiz kimi, tələbə və məzunlarımız da ön cəbhədə vuruşmuş, tarixi qələbəmizdə pay sahibi olmuşlar. Bu missiyanı şərəflə yerinə yetirdiyinizə görə də Sizə təşəkkür edirəm.
Əziz tələbələrimiz,
100 yaşlı qocaman ADPU ailəsinin bir üzvü olan Quba filialı da müəllim kadrları yetişdirir. Sizin hər birinizin də gələcəkdə seçdiyiniz və bizim kollektivlə birlikdə sirlərinə yiyələndiyiniz bu müqəddəs peşənin öhdəsindən layiqincə gələcəyinizdən əminəm. Sizlərin həm də, dövlətimizin, dövlət başçımız cənab İlham Əliyevin diqqət və qayğısına, bizlərin zəhmətinə layiq mütəxəssislər olacağınızı da bilirəm.
Bildiyiniz kimi, sizlərlə birlikdə addımladığımızdan artıq 2 il keçir.
Bu iki il ərzində hörmətli rektorumuz professor Cəfər Cəfərovun rəhbərliyi altında bizim filialimizda da bir çox uğurlu işlər görülmüşdür. Maddi texniki bazanın müasirləşməsi, yeni layihələrin icrası, filialın gələcək müstəqil ali məktəb üçün zəminin hazırlanması, ümumilikdə bütün gördüyümüz əməli fəaliyyətlər Azərbaycan təhsilinin, Azərbaycan gəncliyinin inkişafına xidmət edir. Biz əlimizdən gələni edirik ki, gələcəyin müəllimlərini sağlam təməllər üzərində hazırlayaq, onlara nümunə olmağı bacaraq. Bu gün əgər öz sahəsində uğur əldə edən məzunlarımız varsa, bunda bizim də əməyimiz danılmazdır. Həmçinin, həyat sübut etdi ki, dünənin müəllimi bu günün qəhrəman əsgəri kimi düşmənə qan uddurdu.
Ümid edirəm ki, bundan sonrakı zamanda da, bizlər daha böyük uğurlara, daha da böyük nailiyyətlərə birlikdə imza atarıq. Həm dəyərli müəllimlərimiz, həm dəyərli əməkdaşlarımız, həm də dəyərli tələbələrimiz üçün daha genis imkanlar, perspektivlər öz həll yolunu tapacaqdır. Mən buna səmimi qəlbdən inanıram və bunun üçün əlimdən gələn heç bir şeyi əsirgəməyəcəyimə dair sizlərə söz verirəm.
Bir daha sizə fədakar əməyinizə görə təşəkkür edir, şərəfli işinizdə və gələcək fəaliyyətinizdə uğurlar arzulayıram!
Yaşasın Azərbaycanımız! Yaşasın Azərbaycan müəllimi!
Bayramınız mübarək!