Logo

ADPU rektoru professor Cəfər Cəfərovun Müəllimlər Günü münasibətilə təbriki

05.10.2021 10:04 381 baxış
IMG

5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru professor Cəfər Cəfərovun

TƏBRİKİ

Hörmətli həmkarlar, əziz müəllimlər!
Oktyabrın 5-i bütün dünyada Beynəlxalq Müəllimlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün 1966-cı ildə UNESCO və Beynəlxalq Əmək Təşkilatı tərəfindən müəllimlərin statusunun artırılması barədə sənədin qəbulunun ildönümü ilə əlaqədar təsis olunub. Tövsiyə xarakteri daşıyan həmin sənəd müəllimlərin hüquq və vəzifələri ilə bağlı meyarları, habelə onların ilkin hazırlığı və sonrakı təhsilinin, işə götürülməsinin, tədris və təhsil şəraitinin standartlarını müəyyən edir.  
Beynəlxalq Müəllimlər Günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır. Bu bayram hər il ölkəmizdə də geniş şəkildə qeyd olunur. Azərbaycanın müstəqillik əldə etməsindən sonra ümummilli lider Heydər Əliyevin, daha sonra isə cənab İlham Əliyevin rəhbərliyi altında təhsil sahəsində aparılan islahatlar, müəllim peşəsinin nüfuzunun artırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər bu gün artıq bəhrəsini verməkdədir. Ötən 18 il ərzində Azərbaycan dövləti və Heydər Əliyev Fondunun xətti ilə minlərlə məktəb inşa olunub və ya əsaslı təmir edilib, ən ucqar kəndlərdə belə keyfiyyətli təhsil mühitinin yaradılması istiqamətində nəzərəçarpacaq işlər görülüb, müəllim hazırlığı sahəsində müsbət dönüşə nail olunub. Bir tərəfdən müəllim hazırlığı proqramları və standartları təkmilləşdirilib, digər tərəfdən isə gənclərin ali təhsilə əlçatanlığı, müəllim peşəsini seçən tələbələrin stimullaşdırılması yönündə xeyli işlər görülüb, müəllimlərin işə qəbulu, onların səriştələrinin diaqnostikası və sertifikasiyası üçün şəffaf mexanizmlər tətbiq olunub. 

Təsadüfi deyil ki, ölkədə müəllim hazırlığının əsas bazası olan Azərbaycan Dövlət Pedaqoji Universiteti bu inkişaf və islahatların tam mərkəzində yer alıb. Son illər universitetdə test üsulundan yazılı imtahanlara keçid, bütün vəzifələrə şəffaf seçki yolu ilə təyinetmə mexanizmi, beynəlxalq əməkdaşlığın inkişafı, pedaqoji ixtisasların təhsil proqramlarının tamamilə yenilənməsi, tədris planlarında inklüziv və STEAM bacarıqlarının yer alması, Sabah bakalavr, Sabah magistratura və İkili diplom proqramları (ADPU-CVU), pedaqoji internaturanın tətbiqi istiqamətində aparılan işlər bunlara misal ola bilər. 
Bu il 100 yaşını qeyd edən Azərbaycan Dövlət Pedaqoji Universiteti dövlətimizin daimi diqqət və qayğısı sayəsində göstərilən hədəflərə çatmaq yolunda öz strateji planına uyğun olaraq  inamla irəliləyir. Hələ ulu öndər Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə Pedaqoji Universiteti 5 dəfə ziyarət etməsi belə diqqət və qayğının bariz nümunəsidir. Ümummilli lider ali təhsil ocağının 60 illik yubileyində çıxışı zamanı müəllimlərin əməyini yüksək qiymətləndirərək demişdi: "Müəllimlik işi həm şərəfli, həm də çətin işdir. Ali məktəb müəllimi olmaq, müəllimlər hazırlamaq, yəni müəllimlər müəllimi olmaq ikiqat şərəfli və eyni zamanda ikiqat məsuliyyətli işdir". 
Ulu öndər yolunun layiqli davamçısı, elm və təhsilə, müəllim əməyinə daim yüksək dəyər verən ölkə Prezidenti cənab İlham Əliyev 2021-ci ilin aprel ayının 17-də "Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında" Sərəncam imzaladı. Bu mühüm sənəddə yer alan "İxtisaslaşmış ali təhsil müəssisəsi kimi Azərbaycan Dövlət Pedaqoji Universiteti müəllim hazırlığı sahəsində və pedaqoji təhsilin inkişafı naminə bu gün də uğurlu fəaliyyəti ilə müstəqil Azərbaycanın inkişafına töhfələrini əsirgəmir. Universitetdə qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından faydalanmaqla ali təhsilin məzmun və keyfiyyət göstəricilərinin təkmilləşdirilməsi istiqamətində zəruri addımlar atılır" ifadələri  universitetimizin işinə və müəllim əməyinə verilən ən ali qiymətdir.

Şübhəsiz ki, son illər əldə olunan bütün nailiyyətlərdə əsas rolu bizim fədakar müəllim və alimlərimiz oynayır. Xüsusilə, 2020-ci ilin əvvəllərindən dünyanı cənginə almış qlobal koronavirus pandemiyası şəraitində onlar qısa zaman ərzində işlərini onlayn platformada yüksək səviyyədə quraraq tədrisin fasiləsizliyini maksimum təmin etmək üçün əllərindən gələni etmişlər. 

Bu il biz Beynəlxalq Müəllimlər Gününü müstəqillik dönəmində ilk dəfə olaraq, təcavüzkar Ermənistan ordusunun darmadağın edildiyi, torpaqlarımızın işğaldan azad olunduğu bir şəraitdə, əsl bayram əhvali-ruhiyyəsi ilə qeyd edirik. Bu əlamətdar dövrdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin professor-müəllim heyətini, gələcəyin müəllimləri olacaq çoxminli tələbə kontingentini, habelə ölkəmizin bütün müəllimlərini Beynəlxalq Müəllimlər Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Bu gün sizin gününüzdür. Bayramınız mübarək olsun!

Xəbər lenti