Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə Azərbaycan Texniki Universiteti arasında tədris sahəsində fəaliyyət göstəricilərinin qiymətləndirilməsi və dövri monitorinq sisteminin qurulmasına dair metodoloji dəstək göstərilməsi üçün əməkdaşlıq müqaviləsi imzalanıb.
Tehsil.biz xəbər verir ki, müqaviləyə əsasən Azərbaycan Texniki Universitetində professor-müəllim heyətinin fəaliyyətinin tələbələr və ekspert müəllimlər tərəfindən qiymətləndirilmələri üçün sorğu metodologiyasının işlənməsi, eyni zamanda əmək bazarının nümayəndələrinin fənn proqramlarının, sillabusların hazırlanması və ya yenilənməsi prosesinə cəlb olunmasına metodologi dəstək göstərilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2019-cu il tarixli, 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”nə əsasən təhsil müəssisələrində daxili keyfiyyət təminatı sistemlərinin qurulması və inkişaf etdirilməsi ilə bağlı məsləhət və metodiki dəstək xidmətləri təşkil etmək, eləcə də təhsil müəssisələrinin akkreditasiyasının həyata keçirilməsi üçün tövsiyələr hazırlamaq və təlimlər təşkil etmək TKTA-nın fəaliyyət istiqamətlərindən biridir.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, Təhsildə Keyfiyyət Təminatı Agentliyi digər ali təhsil müəssisələrini Agentliyin metodiki dəstək xidmətindən yararlanmağa dəvət edir.