Bu gün Bakı Dövlət Universitetində (BDU) Şərqşünaslıq fakültəsinin təşkilatçılığı və Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin xətti ilə “Nizami həftələri” layihəsi çərçivəsində Köln Universitetinin şərqşünaslıq üzrə professoru, islamşünas və tərcüməçi Stefan Veidner mühazirə oxuyub.
Tehsil.biz xəbər verir ki, elmi seminarda BDU-nun rektoru Elçin Babayev, Almaniyanın Azərbaycandakı səfirliyinin birinci katibi Andreas Hohlt, səfirliyin əməkdaşları, Şərqşünaslıq fakültəsinin professor-müəllim heyəti və tələbələri, eləcə də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Bakı Slavyan Universitetinin tələbələri iştirak edib.
Seminarda BDU-nun rektoru Elçin Babayev çıxış edərək qonaqları salamlayıb, Köln Universitetinin professoru Stefan Veidnerin mühazirəsinin dahi Nizami Gəncəvi irsinə dünya miqyasında marağın təzahürü olduğunu, dünyada, xüsusilə Avropada mütəfəkkir şairin yaradıcılığının geniş tədqiq edildiyini bildirib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2021-ci ilin “Azərbaycanda Nizami Gəncəvi İli” elan edilməsinin əhəmiyyətindən, dünya və Şərq ədəbiyyatında dahi şairin mövqeyinin yenidən öyrənilməsi, araşdırılması və təbliğinin vacibliyindən bəhs edib. Eyni zamanda BDU ilə Almaniyanın elm və təhsil müəssisələri arasında yüksək səviyyəli əməkdaşlıq, ikili diplom proqramları haqqında məlumat verən rektor, bu əlaqələrin genişləndirilməsinin perspektivlərindən, yeni layihələrin hazırlandığından söhbət açıb.
Almaniyanın Azərbaycandakı səfirliyinin birinci katibi Andreas Hohlt çıxış edərək, birgə mədəni və elmi tədbirlərin ölkələrimiz arasında münasibətlərə töhfə verəcəyini, Nizami ilə bağlı keçirilən “Nizami həftələri” tədbirlər silsiləsinin alman ədəbiyyatı ilə müqayisəli şəkildə aparıldığını qeyd edib.
Köln Universitetinin professoru Stefan Veidner “Şərqşünaslığa yenidən baxış. Niyə Şərq ideyası hələ də faydalıdır” adlı məruzədə Nizaminin Avropa ölkələrində tədqiqi, onun Qərb ölkələrində yaşamış yazıçı və şairlərə təsiri, tərcümə məsələləri, Şərq və Qərb ədəbi ənənələrinin mübadiləsi, təsirlər və əlaqələrin inkişaf xətti, son əsrlərdə ədəbi əlaqələrinin təsir dairəsi, Qurban Səid və digər yazıçıların əsərlərinin Qərb düşüncəsinə təsiri və s. kimi geniş mövzular barəsində ətraflı çıxış edib, ümumiləşdirmələr aparıb.
Seminarın sonunda Şərqşünaslıq fakültəsinin dekanı Elxan Əzizov çıxış edərək maraqlı məruzəyə görə professor Stefan Veidnerə təşəkkürünü bildirib. Eyni zamanda Şərqşünaslıq fakültəsinin tarixi, ənənələri, Azərbaycan şərqşünaslıq məktəbinin görkəmli nümayəndələri, professor Ələsgər Məmmədov, akademik Vasim Məmmədəliyevin semitologiya istiqamətində fəaliyyətindən söz açıb. Almaniya universitetlərində Şərqşünaslıq fakültələri ilə əlaqələrin qurlması istiqamətində görülən işlərdən danışıb, bu əlaqələrin qurulmasının hər iki ölkənin elmi və təhsilinə töhfə verəcəyini vurğulayıb.
Sonda iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.