Mingəçevir Dövlət Universitetinin (MDU) kollektivi adından Ali Baş Komandanımıza ünvanlanan minnətdarlıq məktubu Azərbaycan Respublikasının Prezidentinin rəsmi internet səhifəsində dərc olunub
Şahin Bayramovdan, Mingəçevir, Azərbaycan
Möhtərəm cənab Prezident, müzəffər Ali Baş Komandan.
Bu gün Azərbaycan xalqı Sizin sarsılmaz iradəniz, böyük qətiyyətiniz və müdrik siyasətiniz sayəsində öz tarixinin ən möhtəşəm dövrünü yaşayır. Son iki əsr ərzində təcavüzə, haqsızlığa və zorakılığa məruz qalan, torpaqları əlindən alınan xalqımız, Sizin ətrafınızda sıx birləşərək dəmir yumruq oldu və tarixi ədaləti bərpa etdi. Bizə bu sonsuz sevinci, möhtəşəm qələbəni yaşatdığınız üçün Sizə və rəşadətli Azərbaycan əsgərinə minnətdarıq. Siz Ümummilli Liderimizin vəsiyyətinə uyğun olaraq düşmən tapdağı altında olan torpaqlarımızı işğaldan azad etməklə milyonlarla azərbaycanlını əlçatmaz saydığı arzularına qovuşdurdunuz. Siz Ulu Öndərin xalqımıza bəxş etdiyi azadlığı və istiqlalı əbədi etdiniz, 30 il əvvəl əzilmiş qürurumuzu özümüzə qaytardınız. Bu qələbə Azərbaycan xalqının yenilməzliyini, sarsılmaz birliyini, Vətən sevgisini, qəhrəmanlığını, mübarizə əzmini və siyasi mədəniyyətini bütün dünyaya nümayiş etdirdi. Siz dövrümüzün Böyük Qəhrəmanı kimi adınızı şanlı tariximizə qızıl hərflərlə yazdınız. Xalqımızın Sizə sonsuz məhəbbəti tarixin və nəsillərin yaddaşında əbədi yaşayacaq. Sizin sayənizdə ərazi bütövlüyünə qovuşmuş Azərbaycan dövlətinin vətəndaşı olmaqdan qürur duyuruq! Fəxr edirik ki, Sizin kimi qətiyyətli, uzaqgörən, yüksək intellektli və sevimli Liderimiz var! Uca Allah Sizi qorusun!
Dərin hörmətlə,
Hər zaman Sizin yanınızda olan Mingəçevir Dövlət Universitetinin kollektivi adından
Şahin Bayramov
Rektor
Azərbaycan Respublikası, Mingəçevir şəhəri.