2021-ci ilin 5 oktyabr tarixində Mingəçevir Dövlət Universiteti (MDU) və Bakı Dövlət Universiteti (BDU) arasında əməkdaşlıq çərçivəsində cari tədris ili üzrə qəbul edilmiş birgə fəaliyyət planına əsasən “Ustad dərsləri” layihəsi üzrə növbəti mühazirə keçirilib.
Tehsil.biz xəbər verir ki, BDU-nun Fizika fakültəsinin “Optika və molekulyar fizika” kafedrasının professoru, fizika-riyaziyyat elmləri doktoru Niftalı Qocayev tərəfindən “Dispersiyanın elektron nəzəriyyəsi” mövzusunda “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən mühazirədə MDU-nun müvafiq ixtisaslar üzrə təhsil alan tələbə və magistrantları, gənc akademik heyət üzvləri iştirak ediblər.
Mühazirədə professor N.Qocayev işığın sınma səbəbləri, işığın maddə ilə qarşılıqlı təsiri və interferensiyasından danışıb, dispersiya hadisəsini Maksvel nəzəriyyəsi, Lorents elektron nəzəriyyəsi və Nyutonun ikinci qanununa əsasən izah edib, qrafiklər və düsturların vasitəsilə işığın sındırma əmsalının hesablanmasını şərh edib, normal dispersiya, anomal dispersiya və dispersiyaetməyən hallardan bəhs edib.
MDU-nun tələbə və müəllim kollektivi üzvləri tərəfindən maraqla qarşılanan mühazirənin mövzusu ətrafında fikir mübadiləsi aparılıb və təqdim edilən suallar cavablandırılıb. BDU-nun tanınmış pedaqoq-alimi N.Qocayevə və əməkdaşlığın inkişafına dəstəyi olan hər kəsə təşəkkürünü bildirən mühazirə iştirakçıları layihənin icrasından məmnunluqlarını ifadə ediblər.
İki ay müddətində 10 müxtəlif mövzuda ustad dərslərin təşkil ediləcəyi layihə çərçivəsində növbəti mühazirə oktyabrın 8-də BDU-nun Biologiya fakültəsinin “Molekulyar biologiya və biotexnologiyalar” kafedrasının professoru, biologiya elmləri doktoru Fərayət Əhmədova tərəfindən “Viruslar və onların insanda törətdiyi xəstəliklər” mövzusunda keçiriləcək.
Qeyd edək ki, MDU-da ali təhsil xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və akademik potensialın gücləndirilməsi məqsədilə ölkəmizin flaqman və ən qocaman ali təhsil müəssisəsi olan BDU ilə əməkdaşlığa xüsusi önəm verilir. Sözügedən əməkdaşlığın intensivliyinin və nəticəyönümlüyünün daha da artırılması məqsədilə hər iki universitet tərəfindən cari tədris ilində reallaşdırılması nəzərdə tutulan çoxşaxəli birgə fəaliyyət planı qəbul edilib. Tələbə və magistrantların, akademik və inzibati heyət üzvlərinin hərtərəfli inkişafına töhfə verməyi hədəfləyən bu fəaliyyət planı ustad dərsləri, konfranslar, elmi seminarlar, təlimlər, təcrübə mübadiləsi və müxtəlif məzmunlu tələbəyönümlü tədbirləri özündə ehtiva edir.