Naxçıvan Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə ali təhsil ocağının “Hüquqşünaslıq” ixtisası üzrə II kurs tələbəsi Orxan Kərimlinin əziz xatirəsini əbədliləşdirmək məqsədilə ağacəkmə aksiyası təşkil edilib.
Tehsil.biz xəbər verir ki, “Beynəlxalq münasibətlər və hüquq” fakültəsinin ərazisində təşkil edilən ağacəkmədə fakültənin müəllim və tələbələri iştirak edib.
“Beynəlxalq münasibətlər” fakültəsinin dekanı, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Yusif Hüseynov, kafedranın baş müəllimi Arzu Abdullayev, universitet TGT sədri, “Hüquq” fənləri kafedrasının müəllimi Əziz Qasımov çıxışlarında zəfər yolumuzun bir illik tarixinə nəzər salıblar.
Çıxışlarda diqqətə çatdırılıb ki, əsgərlərimiz Ali Baş Komandanın siyasi səriştəsi və ordumuzun döyüş əzmi nəticəsində şanlı tarix yazdılar. Çıxış edənlər şəhidin keçdiyi döyüş yolu haqda məlumat verərək gənclərin bu cür təşəbbüsünü alqışlayıblar.
Qeyd edək ki, Orxan Akif oğlu Kərimli 2001-ci il oktyabrın 6-da Göyçay şəhərində anadan olub. Naxçıvan Dövlət Universitetində ali təhsil alan Orxan 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə yollanıb.
Azərbaycan Ordusunun əsgəri olan Orxan Kərimli 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. Oktyabrın 9-da Murovdağ döyüşləri zamanı qəhrəmancasına şəhid olan Orxan Kərimli Göyçay şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Şəhidimiz ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən "Vətən uğrunda", "Cəsur döyüşçü", "Qubadlının azad olunmasına görə" Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.