Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) “SABAH” qrupları Rusiya Dövlət Teatr Sənəti İnstitutunun (QİTİS) təşkil etdiyi “QİTİS – Ustad dərsi” festivalında iştirak edib.
Universitetdən bildirilib ki, festival pandemiya ilə əlaqədar olaraq onlayn keçirilib.
Rusiya, Moldova, Özbəkistan, Qazaxıstan və Azərbaycandan teatr mütəxəssislərinin qatıldığı festivalda azərbaycanlı tələbələr Uilyam Şekspirin eyniadlı əsəri əsasında hazırlanmış “Romeo və Cülyetta” tamaşası ilə çıxış ediblər. Plastik fars janrında hazırlanan tamaşanın quruluşçu rejissoru ADMİU-nun müəllimi Ceyhun Dadaşov, rəqslərin quruluşçusu Əməkdar artist Nargilə Qəribovadır. Tamaşanın videosu QİTİS-in “YouTube” kanalında yayımlanıb.
Festival çərçivəsində, həmçinin müəllim və tələbələr üçün aktyor sənəti, səhnə danışığı, teatr tarixi və nəzəriyyəsi üzrə ustad dərsləri keçirilib.