Logo

BDU VII Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak edir

06.10.2021 18:34 775 baxış
IMG

Bu gün Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində VII Bakı Beynəlxalq kitab sərgisi başlayıb. Artıq ənənəvi hal alan builki beynəlxalq kitab sərgisi dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunub.

Sərgidə Bakı Dövlət Universiteti (BDU) öz nəşrlərini, son üç ildə çap olunmuş kitab və jurnallarını nümayiş etdirir. 300 addan çox kitabla təmsil olunan BDU-nun stendində Universitetin professor-müəllim heyətinin müəllifi olduğu və beynəlxalq nəşriyyatlarda çap edilən kitablar da sərgilənir.

Bu gün sərginin açılış mərasimindən sonra çoxsaylı oxucular, məktəblilər və tələbələr, dövlət və ictimai xadimlər, elm, incəsənət və mədəniyyət nümayəndələri BDU-nun stendində sərgilənən nəşrlərlə tanış olublar. Stendə ziyarətçilərə BDU və BDU-nun nəşriyyat və mətbəəsi, Elmi Kitabxanası haqqında tanıtım çarxları nümayiş olunub.

Qeyd edək ki, VII Beynəlxalq kitab sərgisində 100-dək yerli nəşriyyat, kitab evi, kitabxana, həmçinin bir sıra xarici ölkələrin nəşriyyat və kitbxanaları öz nəşrlərini nümayiş etdirir. Sərginin əsas məqsədi cəmiyyətdə kitaba olan marağı artırmaq və mütaliə mədəniyyətini təbliğ etmək, oxucuları nəşriyyat işi sahəsində olan rəqəmsal yeniliklərlə tanış etmək, ölkəmizdə kitab sənayesi sektorunun inkişafını dəstəkləmək, eyni zamanda kitab nəşri sahəsində beynəlxalq əməkdaşlığı inkişaf etdirmək, müəllif-nəşriyyat əlaqələrini möhkəmləndirməkdir.

Sərgi oktyabrın 10-dək davam edəcək.

Xəbər lenti