Abşeron rayonu, Xırdalan şəhər 3 nömrəli məktəbin valideynləri övladlarının onlardan xəbərsiz Xırdalan şəhər 2 nömrəli məktəbə köçürülməyindən narazıdırlar.
Tehsil.biz-in xəbərinə görə, məsələ ilə bağlı APA-ya müraciət edən valideynlər bildiriblər ki, onların övladları Xırdalan şəhər 3 nömrəli məktəbin rus bölməsi üzrə I sinfinə qəbul olublar. Dərslərin açılmağına 2 gün qalmış isə valideynlərə xəbər verilib ki, onların övladları 3 yox, 2 nömrəli məktəbdə təhsil alacaqlar. Övladlarının evlərindən nisbətən uzaq məsafədə yerləşən məktəbdə oxumağına etiraz edən valideynlərə isə bildirilib ki, bu vəziyyət müvəqqətidir.
Məsələ ilə bağlı Abşeron Rayon Təhsil Şöbəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin şagirdləri başqa məktəbə yerləşdirilib: "Belə ki, şagird sıxlığı ilə əlaqədar olaraq məktəbin rus bölməsinin bəzi ibtidai sinifləri dərslərin tədrisinə Xırdalan şəhər 3 nömrəli məktəbdə davam edəcəklər. Şagirdlərin yerdəyişməsi müvəqqətidir və məsələ ən qısa zamanda həll olunacaq".