Oktyabrın 7-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının 2021-2022-ci tədris ili üçün ilk iclası keçirilib.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov giriş sözü ilə çıxış edərək yeni tədris ilinin başlanması və ənənəvi tədrisin bərpası münasibəti ilə əməkdaşları təbrik edərək bu dövrün eyni zamanda xüsusi həssas mərhələ olduğunu vurğulayıb. Ənənəvi tədrisin yenidən təşkili və lazımi nüanslarda onlayn təhsil imkanlarının hibrid istifadəsinin önəmi qeyd olunub.
Elmi Şuranın sədr müavini, tədris işləri üzrə prorektor dosent Eldar Aslanov universitet Elmi Şurasının tərkibində dəyişiklik edilməsi barədə çıxış edib, ADPU-da 2021/2022-ci tədris ilinə hazırlığın vəziyyəti və bakalavriat səviyyəsinə cari tədris ilində tələbə qəbulu haqqında hesabatı şura iştirakçılarının diqqətinə çatdırıb.
Elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov 2021/2022-c tədris ili üçün magistratura səviyyəsi üzrə, ADPU nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru dosent İsrayıl İsgəndərov isə 2021/2022-c tədris ili üçün subbakalavriat səviyyəsi üzrə qəbulun nəticələri haqqında hesabatla çıxış ediblər.
Sonra cari məsələlərin müzakirəsi keçirilib.
Müzakirələrdən sonra şuraya təqdim edilən hesabatlar qənaətbəxş hesab edilib. Universitetin Elmi Şurasının tərkibi dəyişdirilməsi haqqında qərar qəbul edilib. Azərbaycan Dövlət Pedaqoji Unversitetinin, Quba və Ağcabədi filiallarının 2021/2022-ci tədris ili üçün strukturu və ştat vahidləri, ADPU-nun 2021-2022-ci tədris ili üçün proqranozlaşdırılmış dərs yükü, Akademik Təqvimi, iş planı, Universitetin STEAM Mərkəzinin Əsasnaməsi, Beynəlxalq əlaqələr üzrə prorektorluğun nəzdində Təlim-tədris Mərkəzinin Əsasnaməsi, “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubiley döş nişanı” və universitetinin struktur bölmələrinin qiymətləndirmə cədvəli təsdiq edilib.
Kafedralar üzrə professor və dosent elmi adının verilməsinə dair AAK qarşısında vəsatət qaldırılmasına dair qərar qəbul edilib.
O cümlədən Universitetdə struktur dəyişikliyi çərçivəsində Davamlı təhsil və innovasiyalar şöbəsi ləğv edilərək Magistratura və doktorantura şöbəsinə birləşdirilməklə Magistratura və doktorantura şöbəsi yenidən təşkil edilib. Şöbəyə siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqov müdir təyin olunub. Professor İbrahim Bayramov isə Elmi-təşkilati şöbənin müdiri vəzifəsinə təyin edilib.