Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdindəki Humanitar Kollecin 67 müəlliminin işdən çıxarılması ilə bağlı məsələ hələ də aktual olaraq qalır. Çıxarılan müəllimlərdən 46-sının ali təhsilli müəllim, 21-i orta ixtisas təhsilli şəxslər, 5-nin isə şöbə müdirlərinin olduğu bildirilir. Müəllimlərin işdən çıxarılması ilə bağlı əmri Kollecin direktoru Nərmin Qaralovanın verdiyi iddia olunur.
Qeyd edək ki, bu günlərdə Kollecin tədris işləri üzrə direktor müavini Kamran Məsimov yerli mətbuata açıqlamasında müəllimlərin işdən çıxarılması ilə bağlı məlumatın həqiqəti əks etdirmədiyini, sözügedən təhsil müəssisəsində bununla bağlı bir sıra təşkilati dəyişikliklərin həyata keçirildiyini bildirmişdi.
Təhsil Nazirliyinin əmrdən xəbəri yoxdur
Humanitar Kollecin şöbə müdiri Xəyalə Əhmədova Bizim.Media-ya özəl açıqlamasında 67 müəllimin işdən çıxarılma faktını təsdiqləyib. Hətta işdən çıxarılanlar arasında özünün də olduğunu qeyd edib.
Şöbə müdiri əsassız yerə işdən çxarıldıqları barədə Təhsil Nazirliyinə rəsmi müraciət etdiklərini də vurğulayıb:
“Tədris ilinin başlamasına bir həftə qalmış rəhbərlik məzuniyyətdən qayıdan müəllimlərin hamısını toplayaraq işdən azad olunduqlarını elan etdi. Heç bir pedaqoji şuranın qərarı və xəbərdarlıq olunmadan biz müəllimlər işdən azad edildik. 67 müəllimin hər biri Kollecin direktoru Nərmin Qaralovadan işdən azad olunduqları barədə əsaslı açıqlama istəsə də indiyədək tutarlı cavab ala bilmirik. İşdən kənarlaşdrılma ilə bağlı da əmr verilməyib. Adı bir çıxarışla kənarlaşdırılmışıq.
Amma müvafiq portalda 67 şəxsin hər biri müəllim kimi hələ də qeydiyyatdadır. Bildiriblər ki, növbəti həftələrdən bu işə xitam veriləcək. Bu qədər müəllimin işdən çıxarılması nə deməkdir?”
Xəyalə Əhmədovanın sözlərinə görə əvvəlcə onları aldadıblar ki, müəllimlərin işdən çıxarılma əmri Təhsil Nazirliyi tərəfindən verilib. Nazirliyin qəbulunda olandan sonra isə anlayıblar ki, əmr direktor Nərmin Qaralova tərəfindən verilib.
Kiçik “dövlət” qurub...
“Təhsil Nazirliyində qəbulda olmuşuq və müxtəlif şəxslərlə görüşmüşük. Onların konkret bu əmrdən xəbərləri yoxdur. Nərmin Qaralova isə insan içinə çıxmır. Kollecə gəlir, heç kimi qəbul eləmir. Sözümüzü demək üçün müraciət edirik, “vaxtım yoxdur” deyir. Bu adamın nə qəbuluna düşmək, nə də onunla kəlmə kəsmək mümkündür. İkinci kəlmədən sonra təhqirə və qışqırığa keçir. Bir sözlə kollecdə kiçik “dövlət” qurub. Kollecə polis əməkdaşlarının yardımı ilə daxil oluruq. Artıq bizi təhsil müəssisəsinə də buraxmırlar. Ümid edirik ki, səsimizə səs verəcəklər və bu iş belə qalmayacaq”.
14 ildir Kollecdə şöbə müdiri işlədiyini deyən Xəyalə Əhmədova indiyədək heç bir müəllim həmkarı və tələbələrilə intriqası olmadığını, ailə kimi rəftar edildiyini qeyd edib:
“Hazırda Kollecdə bütün dərslər boş keçir. Cədvəl və dərs yükü yoxdur. Halbuki Kollecin nizamnaməsinə görə dərs yükləri və cədvəllər tədrisə bir ay qalmış müəllimlərə təqdim olunur.
Həmin göstəricilər də tədris müəssisəsinin xüsusi guşəsində əks olunur. Heç nə yoxdur. Niyə kiminsə haqqına girilməlidir? Müəllimlərin hamısı aztəminatlı insanlardır. Heç olmaya bu insanlara işdən çıxarılacaqları barədə əvvəlcədən xəbərdarlıq olunardı. Şəxsən özüm, belə idisə, əsaslı səbəb göstərərdilər və başqa yerdə özümüzə iş tapardıq. Onsuz da peşəsini bilən savadlı kadrlara hər yerdə iş var. 37 yaşım var, iki universitet bitirmişəm və özümə güvənən kadram. Tələb edirəm, hər kəsin iştirakı ilə imtahan keçirilsin və müəyyənləşsin ki, kim necə işləyir. Bizim kollecin 100 illik tarixi və çox gözəl pedaqoqları var”.
Qeyd edək ki, Kollecin direktoru Nərmin Qaralova sabiq Baş prokuror Zakir Qaralovun qohumu kimi tanınır.
Nərmin Qaralova əslən Gürcüstanın Respublikasının Başkeçid rayonunun Ormeşan kəndindəndir. Onunla eyni soyada sahib olan sabiq Baş prokuror Zakir Qaralov da əslən Ormeşan kəndindəndir.
Nərmin Qaralovanın adı əvvəllər də müxtəlif qalmaqallarda çkilib. Bir müddət əvvəl kollec tələbəsinə “bizə şam tutan lazım deyil” ifadəsi ilə təhqir edərək mətbuatın gündəminə gəlmişdi.
Məsələ ilə bağlı qarşı tərəfin fikirlərini öyrənmək cəhdimiz boşa çıxdı. Kollecin drektoru telefonlarımıza cavab vermədi.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Gundeminfo.az