Bəşəriyyətin çoxəsrlik tarixi təcrübəsi sübut edir ki, dərin zəka sahibi, mahir idarəçilik qabiliyyətinə malik lideri olan dövlətlər və millətlər yüksək inkişaf yolu keçməyə, tarixi uğurlar əldə etməyə müvəffəq olurlar. Belə liderlər xalqımızın tarixində də yetişmiş və onlar Azərbaycanımızın inkişafında, dövlətçiliyimizin yaranıb möhkəmlənməsində, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında əhəmiyyətli rol oynamışlar. Onların arasında dövlətçiliyimizin daha da möhkəmlənməsində mühüm xidmətləri olmuş ümummilli lider Heydər Əliyevin adı xüsusi qürur hissi ilə çəkilir. Azərbaycanın tarixi şəxsiyyətlərinin fövqündə yer alan bu dahi insanın xalqımız qarşısındakı xidmətləri ölçüyəgəlməzdir. Bu gün müstəqil Azərbaycan dövlətinin mövcudluğu üçün xalqımız məhz ümummilli lider Heydər Əliyevə borcludur. Otuz ildən artıq bir müddətdə Azərbaycan dövlətçiliyinin taleyi dahi və uzaqgörən şəxsiyyət, öz xalqını və vətənini canından artıq sevən ən böyük azərbaycanlı, şərəfli adı bizim üçün əziz və unudulmaz olan Heydər Əliyevlə bağlı olmuşdur. Bu illər xalqımızın milli mənlik şüurunun oyanışı, azadlıq və müstəqillik hissinin güclənməsi, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatının vüsətli dirçəlişi ilə əlamətdar olmuşdur. Bütün həyatını, siyasi fəaliyyətini xalqının və vətəninin tərəqqisinə həsr etmiş Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxaraq misilsiz irəliləyişə nail olmuşdur.
Ötən əsrin sonlarında Azərbaycanın müstəqilliyi bərpa olunduqdan sonra respublikamızda cərəyan edən siyasi proseslər gələcək üçün yaxşı heç nə vəd etmirdi. Belə ki, müstəqilliyinin ilk illərində xalqın etimad göstərdiyi, ümid bəslədiyi siyasi qüvvənin olmamasıdövlət idarəçiliyi mexanizmlərinin formalaşmasında ciddi maneəyə çevrilməklə yanaşı, daxili böhranın, vətəndaş itaətsizliyinin, xaos və anarxiyanın yaranmasına rəvac vermiş, qanunçuluğun və hüquq qaydalarının təminatı, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun, ən nəhayət, ictimai asayişin qorunması sahəsində ciddi problemlər yaratmışdır. Belə bir böhranlı və ağır şəraitdə Azərbaycanı fəlakətə sürükləyən məkrli planların qarşısını almağa. düçar olduğu fəlakətlərdən qurtarmağa qadir yeganə qüvvə məhz xalqın inam və etimad bəslədiyi ulu öndər Heydər Əliyev idi.
Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırmış, hərtərəfli inkişafına nail olmuş, müstəqilliyini əbədi və dönməz etmişdir.
Zeynalov Murad,
74 saylı tam orta məktəbin direktoru