Logo

"Qarabağ həqiqətləri və Vətən müharibəsi" mövzusunda onlayn dəyirmi masa

23.11.2020 16:33 619 baxış
IMG

ADU-nun Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi dekanlığının və Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının təşkilatçılığı ilə "Qarabağ həqiqətləri və  Vətən müharibəsi" mövzusunda onlayn dəyirmi masa təşkil edilib.  

 

Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının müdiri vəzifəsini icra edən dosent Qorxmaz Mustafayevin moderatorluğu ilə keçən tədbirdə Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinə aid kafedraların müdirləri, professor-müəllim heyəti, AMEA Tarix İnstitundan qonaqlar  və tələbələr iştirak edib.

 

“Dəyirmi masa”nın iştirakçılarını salamlayan dos. Q.Mustafayev Qarabağ “düyünü”nün yaranması səbəbləri, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən və Ermənistanın kapitulyasiyası ilə nəticələnən Vətən müharibəsinin əhəmiyyəti, Azərbaycan xalqının birliyi və Azərbaycan Ordusunun qəhrəmanlığı haqqında məlumatı diqqətə çatdırıb.

 

Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının baş müəllimi Ramin Əlizadə Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsindən danışaraq mənbələrdən gətirdiyi sitatlarla tarixi həqiqətləri diqqətə çatdırıb. Çar Rusiyasının Qacar və Osmanlı xanədanlıqları ilə apardığı müharibələrin nəticəsində ermənilərin Azərbaycanın İrəvan, Naxçıvan və Qarabağ ərazilərinə köçürüldüyünü, onları ölkəni tərk etmiş bəy-xan torpaqlarında yerləşdirildiyini və bu günkü “problem”lərin kökünün həmin illərdən qoyulduğunu qeyd edib.

 

Tədbirə dəvət edilən AMEA Tarix İnstitutu Qarabağ şöbəsinin müdiri Güntəkin Nəcəfli “Azərbaycan torpaqlarında ermənilərə dövlət və muxtariyyət yaradılması”nda Rusiya imperiyasının XVIII əsrdən başlayaraq işğalçılıq siyasətində ermənilərdən istifadə etməsi, XIX əsrdə isə ermənilərin bizim ərazilərə köçürülərək onlardan türk dünyası arasında bir sədd çəkilməsi niyyətindən danışıb. 1918-ci ildə tarixdə ilk dəfə Qafqaz ərazisində Azərbaycan torpaqlarında erməni dövlətinin yaradılması, 1920-ci ildə bolşevik işğalından sonra Zəngəzurun sovetləşən Ermənistana verilməsi, Azərbaycan ərazisində isə “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin yaradılmasını qeyd edib.

 

Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosenti Şəlalə Bağırova Azərbaycan Respublikasının müstəqillik əldə etməsi və Ermənistanın işğalçılıq siyasətinə həsr olunmuş çıxışında SSRİ-nin süqutu ərəfəsində ictimai-siyasi vəziyyət, Ermənistanın planlı şəkildə xalqımıza qarşı törətdiyi vəhşiliklər, xalqımıza qarşı Xocalı soyqırımının törədilməsi, bunun arxasında yatan erməni hiyləsi və vəhşiliyi haqqında  məlumat verib. 1988-1994-cü illərdə Ermənistanın havadarlarının dəstəyi ilə Azərbaycan torpaqlarının işğalının nəticələrinin 28 ildə Minsk Qrupu tərəfindən həll edilmədiyini, ancaq Azərbaycan Prezidentinin rəhbərliyi və əskərlərimizin əzmkarlığı sayəsində 44 gündə həll edildiyini diqqətə çatdırıb.

 

Kafedranın dosenti Namiq Kərimov “Qarabağ Azərbaycandır! Vətən müharibəsində Ermənistanın kapitulyasiyası”ndan danışaraq Azərbaycan dövlətinin və xalqının torpaqlarımızın işğalı ilə barışmadığını, Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkənin iqtisadiyyatını gücləndirmək üçün həyata keçirdiyi tədbirlər, xarici dövlətlərlə bağlanan enerji layihələri və onların əhəmiyyəti haqqında məlumat verib. Həyata keçirilən bütün tədbirlərin bu günkü qələbənin əldə olunmasında, işğalçıların torpaqlarımızdan qovulmasında mühüm rolu vurğulanıb.

 

Müzakirələrdə dosent Asif Abbasov Ali Baş Komandanın rəhbərliyi ilə ordumuzun  28 illik köçkünlüyə son qoyduğunu vurğulayıb. Dosent Sevdagül Əliyeva və dosent Bəhmən Əliyev Ağdamın azad olunması ilə üst-üstə düşən tədbirin əhəmiyyətindən, dosent Aidə Yusifzadə tarixi həqiqətlərin tələbələrə çatdırılmasının vacibliyindən, dosent Ədalət Abdıyeva Vətən müharibəsinə qiymət verilməsi və tarixi həqiqətlərin tələbələrə çatdırılmasının təqdirəlayiq olmasından danışıb.

 

Tədbiri yekunlaşdıran dos.Qorxmaz Mustafayev, 2019-cu ilin oktyabrında “Valday” Beynəlxalq Diskussiya Klubunun toplantısında Prezident İlham Əliyevin söylədiyi “Qarabağ Azərbaycandır və nida işarəsi”ni, Ali Baş Komandan 44 günlük Vətən müharibəsi ilə sübut etdiyini söyləyib və tədbirin iştirakçılarına təşəkkürünü bildirib.

Xəbər lenti